Azərbaycanda taksi və sərnişin daşımalarına dair tələblər sərtləşdiriləcək

Azərbaycanda taksi və sərnişin daşımalarına dair

Azərbaycanda müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarında, o cümlədən taksi xidmətlərində istifadə olunan nəqliyyat vasitələrinin texniki tələblərinə dəyişikliklər edilməsi planlaşdırılır.

Müvafiq sərəncam Əli Əsədov tərəfindən imzalanıb.

“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələri səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş texniki, daxili və xarici dizayn tələblərinə uyğun olmalıdır. Bu tələblərə uyğun olmayan hallarda icazə kartının verilməsi rədd ediləcək, artıq verilmiş icazələr isə dayandırıla və ya ləğv oluna bilər.

Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər aidiyyəti qurumlarla — o cümlədən Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və digər strukturlarla birlikdə iki ay müddətində mövcud tələblərə dəyişikliklərlə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu dəyişikliklər qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələrini də əhatə edəcək.

Sərəncam 7 apreldən qüvvəyə minib.