Yeni Jaguar qeyri-adi sükanla təqdim olunacaq

Yeni Jaguar  qeyri-adi sükanla

Jaguar markası qlobal yenilənmədən sonra ilk modelinin təqdimatına hazırlaşır. Premyeranın sentyabr ayında keçiriləcəyi gözlənilir. Bu yaxınlarda Böyük Britaniyada şirkət nümayəndələri bir qrup jurnalist və bloqeri hələlik GT adlandırılan perspektiv elektrik avtomobilini sınaqdan keçirməyə dəvət edib. Carscoops-un məlumatına görə, bu təqdimat çərçivəsində modelin interyeri ilk dəfə nümayiş olunub.

Instagram-da yayımlanan görüntülərə əsasən, dördqapılı qrand-turerin salonunda düz xətlər və kəskin formalar üstünlük təşkil edir. Dizayn üslubu 1970–1980-ci illərin konsept avtomobillərini xatırladır.

Fotolarda ən diqqət çəkən detal qeyri-adi sükan olub. O, qalın üfüqi şüalara və iri sensor panellərə malikdir. Bu sensor düymələrin toxunuş zamanı geribildirim funksiyası ilə təchiz oluna biləcəyi ehtimal edilir. Sükanın sol tərəfində zənglər və səsli idarəetmə, sağ tərəfində isə kruiz-kontrol ayarları yerləşir. Hava yastığı adi modellərlə müqayisədə daha aşağı mövqedə yerləşdirilib.

Sükan arxasında iki böyük qol (solda şüşəsilənlər və işıqlandırma, sağda isə transmissiya üçün) və minimalistik rəqəmsal cihazlar paneli ekranı yerləşir.

Daha əvvəl Jaguar yeni elektromobilin texniki xüsusiyyətlərini də açıqlayıb. Üç mühərrikli sistem 1000 at gücü və 1300 Nm fırlanma anı hasil edir. 120 kVt·saatlıq batareya ilə təchiz olunan model WLTP standartına görə təxminən 700 km məsafə qət edə bilir.

MONETAR.AZ