Qətər LNG zavodunun fəaliyyətini bərpa etmək üçün işçiləri səfərbər edir

Qətər LNG zavodunun fəaliyyətini bərpa etmək üçün

Qətər Yaxın Şərqdə atəşkəsdən sonra dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixrac zavodunda istehsalın bərpası üçün mühəndis və işçiləri səfərbər edir. Bu barədə Bloomberg News məlumatlı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, təhlükəsizlik şəraitinin yaxşılaşması Ras Laffan obyektində məhdud fəaliyyətin aparılmasına imkan verir. Burada planlaşdırılan bərpadan əvvəl zəruri texniki xidmət işləri həyata keçirilir.

Mənbələrin bildirdiyinə görə, ilkin mərhələdə istehsalın qismən bərpası yaxın günlərdə başlaya bilər, lakin istehsalın nə qədər sürətlə artırılacağı hələ dəqiq deyil. Zavodun tam güclə işləməsi üçün gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi vacib şərt olaraq qalır.

Ras Laffan zavodu martın əvvəlindən fəaliyyətini dayandırmışdı ki, bu da qlobal qaz təchizatında böhrana səbəb olmuşdu. Keçən ay baş verən raket zərbəsi nəticəsində zavodun illik ixrac gücünün təxminən 17%-i 5 ilə qədər istifadədən çıxıb.

Bütün kompleksin illik istehsal gücü təxminən 77 milyon ton LNG təşkil edir. Zavodun digər hissələrinin yenidən işə salınması qlobal enerji bazarı üçün mühüm mərhələ kimi qiymətləndirilir.

MONETAR.AZ