Almaniyada elektrik qiymətləri günəş və külək bolluğu səbəbilə mənfi səviyyəyə düşüb

Almaniyada elektrik qiymətləri günəş və külək bolluğu səbəbilə

Almaniyada topdansatış elektrik enerjisi qiymətləri bazar ertəsi kəskin şəkildə mənfi səviyyələrə enib. Buna səbəb enerji bazarında “ideal fırtına” adlandırılan vəziyyət, bərpa olunan enerji mənbələrindən rekord istehsalın bayram günlərində anormal dərəcədə aşağı tələbatla toqquşması olub, deyə Bloomberg bildirir.

Epex Spot birjasının məlumatına görə, Almaniyada gün ərzində elektrik enerjisinin qiyməti yerli vaxtla saat 15:00-da mənfi 323,96 avro/MVt-saat səviyyəsinə qədər düşüb. Oxşar vəziyyət Fransada da müşahidə olunub. Burada qiymətlər mənfi 230,31 avro/MVt-saatadək enib.

Bu ekstremal vəziyyət günəş və külək elektrik stansiyalarının istehsalında eyni vaxtda baş verən sıçrayış və Pasxa tətili dövründə sənaye və kommersiya fəaliyyətinin zəifləməsi nəticəsində tələbatın kəskin azalması ilə izah olunur.

ANE GmbH & Co. KG şirkətinin meteoroloqu və enerji treyderi Ştefan Şpet bildirib ki, enerji sisteminin sabitliyini qorumaq üçün Almaniyada böyük həcmdə külək və günəş enerjisi istehsalı məcburi şəkildə dayandırılıb.

Əsas problem isə belə dövrlərdə yaranan artıq elektrik enerjisinin sənaye miqyasında saxlanmasının hələ mümkün olmamasıdır, çünki batareya sistemlərinin tutumu məhduddur.

Fraunhofer İnstitutunun məlumatına görə, küləyin orta göstəricilərdən yüksək olması sayəsində artıq bazar ertəsi səhər saatlarında “yaşıl enerji” Almaniyanın elektrik tələbatının təxminən 80%-ni qarşılayıb. Günün ikinci yarısında isə gözləniləndən tez dağılan buludluluq günəş enerjisi istehsalını daha da artırıb və bu da artıq təchizatın sürətlə böyüməsinə səbəb olub.

Tələbatın azalmasında bayram günləri həlledici rol oynayıb. Pik istehlak 48 giqavat təşkil edib ki, bu da adi iş günləri ilə müqayisədə təxminən 16 giqavat azdır.

Gözlənilir ki, həftə ərzində külək enerjisi istehsalı daha mülayim olacaq, lakin günəş enerjisi yüksək səviyyədə qalacaq. Çərşənbə axşamı üçün 53 giqavatlıq pik istehsal proqnozlaşdırılır ki, bu da ilin ən yüksək göstəricisidir. Bu isə o deməkdir ki, günün ortasında bərpa olunan mənbələr elektrik tələbatının təxminən 90%-ni qarşılayacaq, axşam saatlarında isə bu pay təxminən üçdə birə düşəcək.

MONETAR.AZ