MDB ölkələrində beynəlxalq turizmin artım tempi qlobal orta göstəricidən 2–3 dəfə yüksəkdir. Birlik daxilində turizmin dayanıqlı inkişafına görə lider ölkələr kimi Rusiya, Azərbaycan və Belarus qeyd olunub.
Bu barədə TASS agentliyinə istinadən MDB Baş katibinin birinci müavini İqor Petrışenko IV Belarus–Rusiya Turizm Konqresinin açılışında bildirib.
Onun sözlərinə görə, ötən il dünya üzrə beynəlxalq turizm 4% artıb, lakin MDB regionunda artım tempi bu göstəricini 2–3 dəfə üstələyib. Xüsusilə daxili turizmin daha yüksək dinamika nümayiş etdirdiyi qeyd olunub. Petrışenko vurğulayıb ki, turizm 50-dən çox iqtisadi fəaliyyət növünü özündə birləşdirən mühüm sahədir.
O əlavə edib ki, MDB məkanında turizm yalnız istirahət sektoru deyil, həm də iqtisadi və sosial-mədəni inteqrasiyanın vacib alətlərindən biridir.
MDB ölkələri arasında dayanıqlı turizmin inkişafına görə ötən ilin nəticələrinə əsasən Rusiya birinci, Azərbaycan ikinci, Belarus isə üçüncü yerdə qərarlaşıb.