Çində donuz əti qiymətləri illik ifadədə təxminən 30% ucuzlaşaraq mart ayının sonuna doğru kiloqramı 10 yuanın altına enib və son 15 ilin minimumunu yeniləyib. Bu barədə Macquarie məlumat yayıb.
Məlumata görə, mart ayında hər baş heyvan üzrə itkilər 400 yuandan çox olub, çünki sahə artıq təklifin yüksək olması səbəbindən təzyiq altında qalmaqda davam edir.
Yanvarın sonuna olan vəziyyətə əsasən, Çində ana donuzların sayı 39,58 milyon baş təşkil edib. Bu göstərici illik müqayisədə 2,6% azalsa da, normal səviyyədən 1,5% yüksək olaraq qalır. Ölkənin İnkişaf və İslahat üzrə Milli Komissiyası qiymətləri dəstəkləmək məqsədilə bu il donuz ətinin mərkəzləşdirilmiş ehtiyatlara ikinci dəfə satın alınacağını açıqlayıb.
Macquarie analitikləri gözləyirlər ki, 2025-ci ilin dördüncü rübündən etibarən ana donuz sayının azalması nəticəsində sənaye 2026-cı ilin ikinci yarısında yenidən mənfəət əldə etməyə başlaya bilər. Donuz əti qiymətlərinin aşağı olması və yem qiymətlərinin artması bazarda konsolidasiya və istehsal güclərinin optimallaşdırılmasını sürətləndirə bilər.
Digər tərəfdən, ABŞda donuz əti qiymətləri mart ayında aylıq 3%, illik isə 8% artıb. Arıq donuz ətinə dair fyuçerslər martın sonuna doğru funt üçün 0,91 dollar səviyyəsinə çataraq illik 4% artım göstərib. Damazlıq donuzların sayı da rüblük və illik ifadədə cüzi azalıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2026-cı ilin ikinci rübündə donuz əti qiymətlərinin illik 6,2% artacağını proqnozlaşdırır. Bu artımın əsas səbəbləri kimi mal əti qiymətlərinin yüksək olması və ixrac tələbinin güclənməsi göstərilir.
Çində ağ broyler qiymətləri də martın sonuna doğru aylıq 4,8% azalıb. Bu, mövsümi zəiflik və donuz əti qiymətlərinin gözləniləndən aşağı olması ilə izah edilir. Bununla belə, cücə qiymətləri aylıq 7% artıb. Çin Fransada quş qripi səbəbilə 2026-cı ilin fevralında Fransadan damazlıq heyvan idxalını dayandırıb.
Eyni zamanda, Çində xam südün qiyməti mart ayında sabit qalaraq kiloqram üçün 3,03 yuan olub, lakin illik ifadədə 1,3% azalma qeydə alınıb.
MONETAR.AZ