Treyderlərin sözlərinə görə, Asiyada mayeləşdirilmiş təbii qazın (LNG) spot qiymətləri təxminən 17% azalaraq bir milyon britaniya istilik vahidi üçün 15 dollar səviyyəsinə düşə bilər. Bu proqnozlar ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasından sonra səsləndirilib. Bu razılaşma Hörmüz boğazının müvəqqəti açılmasına imkan yarada bilər.
Donald Tramp bu mühüm su yolunun açılması qarşılığında bombardmanların dayandırılmasına razılıq verib. İran isə bildirib ki, atəşkəs dövründə boğazdan təhlükəsiz keçid ölkənin silahlı qüvvələri ilə koordinasiya şəraitində mümkün olacaq, lakin bunun necə həyata keçiriləcəyi açıqlanmayıb.
Atəşkəs elanından sonra Avropada qaz fyuçersləri təxminən 20% ucuzlaşaraq müharibənin başlanğıcından bəri ən aşağı səviyyəyə enib. Hörmüz boğazının açılması qlobal təchizatla bağlı narahatlıqları azalda bilər. Müharibə başlayandan bəri boğaz faktiki olaraq bağlı idi və bu da bir çox ölkəni qiymətlərin kəskin artdığı şəraitdə alternativ mənbələr axtarmağa məcbur etmişdi.
ABŞ və İsrailin fevralın sonunda İrana hücumlarından sonra bu boğazdan LNG daşıyan heç bir gəmi keçməyib. Fars körfəzindən çıxmağa çalışan qazdaşıyan gəmilərin hərəkəti dayandırılıb. Yalnız həftəsonu bu dar keçiddən, ehtimal ki, boş olan bir LNG gəmisi keçə bilib.
Bu arada bəzi Asiya ölkələri yanacaq ehtiyatlarını artırmağa çalışır. Məsələn, Gulf Energy Development iyun ayında Taylanda çatdırılmaq üçün iki yük almağı planlaşdırır. Hindistanın Gujarat State Petroleum Corporation isə may ayı üçün qiyməti 19 dollardan bir qədər yüksək olan bir partiya artıq satın alıb.
Qeyd edək ki, fevralın 28-də baş verən hücumlardan sonra bir həftə ərzində Asiyada LNG qiymətləri iki dəfədən çox artaraq 25 dollara çatmışdı. Sonradan qiymətlər geri çəkilib və treyderlər yaxın günlərdə daha da ucuzlaşma gözləyirlər.