Mis qiymətləri ABŞ və İran arasında müvəqqəti atəşkəsin əldə olunması və Hörmüz boğazının yenidən açılması xəbərlərindən sonra son üç həftənin ən yüksək səviyyəsinə çatıb. Bu, inflyasiya və qlobal iqtisadi geriləmə ilə bağlı narahatlıqların azalmasına səbəb olub, deyə Bloomberg yazır.
Sənaye metali London Metal Exchange birjasında 2,9% bahalaşaraq ton üçün 12 666 dollara yüksəlib. Bu artım qlobal bazarlarda riskə marağın yenidən artması ilə izah olunur.
İki həftəlik atəşkəs Donald Trampın İrana qarşı hərbi əməliyyatların başlanması üçün qoyduğu son tarixə iki saatdan az qalmış əldə olunub. Bu fonda neft qiymətləri son altı ilin ən kəskin enişini göstərib, səhmlər bahalaşıb və döyüşlərin dayanması metallar üzrə tələbat perspektivlərini yaxşılaşdırıb.
Analitik Gao Yin qeyd edir ki, riskə marağın bərpası əsas metallar üzrə mövqelərin artmasına gətirib çıxarıb. Lakin atəşkəsin müvəqqəti xarakter daşıması səbəbindən ilin əvvəlində müşahidə olunan likvidlik əsaslı güclü artım tendensiyasının təkrarlanması çətin ola bilər.
Təchizat baxımından Hörmüz boğazının açıq qalması xüsusilə alüminium üçün vacibdir. Yaxın Şərq bu metalın qlobal istehsalının təxminən 10%-ni təmin edir və boğazın bağlanması, həmçinin Aluminium Bahrain BSC və Emirates Global Aluminium PJSC müəssisələrinə edilən hücumlar tədarükə mənfi təsir göstərib.
Şanxay vaxtı ilə saat 10:50-yə olan məlumata görə, LME-də mis 2,8% artaraq 12 655 dollar/ton səviyyəsində ticarət olunub, alüminium isə 0,7% bahalaşaraq 3 499 dollar/ton olub. Digər əsas metallar da qiymət artımı göstərib.
Eyni zamanda, Sinqapur birjasında dəmir filizi fyuçersləri 1,5% ucuzlaşaraq ton üçün 105,05 dollara enib.
MONETAR.AZ