Donald Tramp bugün bəyan edib ki, ABŞ İrana silah tədarük edən istənilən ölkəyə dərhal 50% həcmində ikinci dərəcəli tariflər tətbiq edəcək. Bu barədə Yahoo məlumat yayıb.
“İrana hərbi silah tədarük edən ölkə ABŞ-a satılan bütün mallara istisnasız olaraq 50% rüsumla üzləşəcək. Qərar dərhal qüvvəyə minir. Heç bir istisna və ya güzəşt olmayacaq!” deyə Tramp Truth Social platformasında, İranla iki həftəlik atəşkəsin başladığı gün yazıb.
Bu açıqlama Trampın son həftə ərzində tarif siyasətində etdiyi dəyişikliklərin davamı kimi qiymətləndirilir. O, ötən həftə ABŞ-da patentlə qorunan dərman preparatları və metallar üzrə rüsumları yenidən nəzərdən keçirmişdi.
Ağ Ev dərman məhsullarına tətbiq olunan tarifləri 100%-ə qədər artırsa da, geniş istisnalar tətbiq edildiyindən bir çox şirkətlər üçün faktiki rüsum dərəcəsi 0% səviyyəsində qalıb.
Polad, alüminium və misə tətbiq olunan tariflər isə 50% səviyyəsində saxlanılır. Bununla belə, Tramp administrasiyası onların tətbiq mexanizmini dəyişir ki, bu da idxalçılar üçün rüsum yükünün artmasına səbəb ola bilər.