Bu ölkələrin valyutaları dollara qarşı bahalaşıb

Bu ölkələrin valyutaları

Böyük ölkələrin valyutaları ABŞ dollarına qarşı son bir ildə əhəmiyyətli dərəcədə möhkəmlənib. Təhlillərə görə, İsrail şekeli ötən il ərzində 20,2% bahalaşaraq liderliyi ələ keçirib.

Kolumbiya pesosu 19,7% artımla ikinci yerdə qərarlaşıb, Cənubi Afrika randi isə 16,4% artımla üçüncü olub. Meksika pesosu da 16,4% artaraq valyuta bazarındakı yüksəlişlərdə diqqət çəkib.

Ekspertlər bildirirlər ki, qlobal valyutaların dollar qarşısında qiymət artımına kapital axınlarının dəyişməsi, monetar siyasət gözləntiləri və ölkələrin daxili iqtisadi göstəricilərinin yaxşılaşması təsir edib.

İsrail şekelinin güclənməsi ölkənin iqtisadi dayanıqlılığı və ixrac göstəricilərinin yüksək olmasına bağlanır. Həmçinin, İsrailə sərmayələrin artması şekelə tələbi artırıb.

Valyuta bazarında ümumi tendensiya ABŞ dollarının zəifləməsi ilə də əlaqələndirilir. Dolların dəyərinin azalması ABŞ məhsullarını xarici ölkələr üçün daha sərfəli edir və eyni zamanda digər ölkələrin şirkətləri üçün rəqabət çətinliyi yaradır.

Analitiklər bildirir ki, dolların zəifləməsi investorlar üçün digər ölkələrdəki investisiyaların dəyərini yüksəldə bilər. Bu da beynəlxalq ticarət və kapital axınlarına təsir edir.

Qeyd edək ki, Avstraliya dolları 14,8%, Braziliya realı 14,5%, Nigeriya nairası 13,5%, Norveç kronu 12,7%, Qazaxıstan tənqəsi 12,3% və Malayziya ringiti 11,2% artımla valyuta sıralamasında ön sıralarda yer alıb.

MONETAR.AZ