Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana dəstək verəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Yaxın Şərqdəki münaqişədən zərər görən ölkələrə dəstək məqsədilə 2026-cı ildə 5 milyard avroya qədər investisiya yönəltməyi planlaşdırır. Bu ölkələr sırasında Azərbaycan da var.

Bankın açıqlamasına görə, əsas diqqət ən çox zərər görən iqtisadiyyatlara — İraq, İordaniya, Livan, eləcə də Qərb Sahili və Qəzza bölgəsinə yönələcək. Bununla yanaşı, böhranın dolayı təsirini hiss edən ölkələr siyahısına Azərbaycan ilə yanaşı Misir, TürkiyəErmənistan da daxil edilib.

AYİB qeyd edir ki, münaqişənin təsirləri artıq regionda hiss olunur: ticarət marşrutları pozulur, enerji daşıyıcıları və xammalın qiymətləri artır, investisiya fəallığı azalır.

Maliyyə vəsaitləri əsasən maliyyə sektorunun dəstəklənməsinə, özəl şirkətlərə və dayanıqlı infrastrukturun inkişafına yönəldiləcək. Xüsusilə enerji təhlükəsizliyinin gücləndirilməsi, müəssisələrin likvidliyinin təmin olunması və iqtisadiyyatın əsas sahələrinin sabit fəaliyyətinin qorunması prioritet olacaq.

AYİB-in prezidenti Odil Reno-Basso bildirib ki, təşkilat qeyri-sabitlik şəraitində ölkələrə dəstəyi artırmağa və iqtisadiyyatların yeni çağırışlara uyğunlaşmasına kömək etməyə hazırdır.

Proqram iki mərhələdə həyata keçiriləcək: əvvəlcə iqtisadi vəziyyətin sabitləşdirilməsi və biznesə dəstək, daha sonra isə dayanıqlı inkişaf və bərpa üçün şəraitin yaradılması.

Qeyd olunur ki, investisiyaların həcmi regiondakı vəziyyətin inkişafından və tələbdən asılı olacaq.