Almaniya Rusiya qazına alternativ tapdı

Almaniya Rusiya qazına

Almaniya ardıcıl enerji böhranlarından sonra öz enerji təhlükəsizliyini tam sığortalamaq məqsədilə strateji bir addım atıb. ABŞ-ın Bloomberg agentliyinin rəsmi məlumatına görə, Almaniya Kanadanın qərb sahilində tikilməsi planlaşdırılan yeni terminaldan mayeləşdirilmiş təbii qaz (LNG) idxal etmək üçün irimiqyaslı sazişə imza atıb.

Bu müqavilə Kanada Baş naziri Mark Karni üçün də olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, onun rəhbərlik etdiyi hökumət ölkənin ABŞ-dan kənar bazarlara olan ixracat həcmini iki dəfə artırmağı hədəfləyir. Sazişin detallarını çərşənbə günü Kanadanın energetika naziri Tim Hodqson rəsmən elan edəcək.

Almaniyaya göndəriləcək mavi yanacaq Britaniya Kolumbiyasının şimal-qərbində inşa ediləcək nəhəng infrastruktur obyektindən tədarük olunacaq:

  • Layihənin dəyəri: 10 milyard Kanada dolları (təxminən 7.2 milyard ABŞ dolları).

  • Almaniyanın payı: Rəsmi razılaşmaya əsasən, Almaniya bu layihədən hər il 1 milyon metrik tona qədər LNG satın almaq öhdəliyi götürüb.

  • Alıcı tərəf: Qazın rəsmi idxalçısı Almaniya hökuməti tərəfindən milliləşdirilmiş və əvvəllər Rusiyanın "Gazprom" şirkətinə məxsus olan SEFE (Securing Energy for Europe) korporasiyası olacaq.

  • Konsorsiumun tərkibi: Layihə "Blackstone" tərəfindən maliyyələşdirilən Western LNG, Rockies LNG Partners və tikinti ərazisinin yerli sahibi olan Nisqa’a yerli köklü icması tərəfindən dəstəklənir. Müəssisə artıq bütün hüquqi və tənzimləyici icazələri alıb və yekunda illik 12 milyon ton istehsal gücünə çatacaq.

Kanada xüsusilə qərb əyalətlərində dünyanın ən zəngin təbii qaz ehtiyatlarına malik olsa da, indiyə qədər infrastruktur çatışmazlığı səbəbindən hasilatın böyük hissəsini boru kəmərləri ilə yalnız ABŞ-a ucuz qiymətə satmaq məcburiyyətində qalırdı.

Ölkənin qərb sahilində ilk rəsmi LNG ixrac terminalı cəmi bir il əvvəl "Shell" şirkətinin dəstəklədiyi LNG Canada layihəsinin ilk mərhələsinin işə düşməsi ilə fəaliyyətə başlayıb. Yeni saziş Kanadanın birbaşa Avropa və dünya bazarlarına çıxışını sürətləndirəcək.

Əvvəlcə Rusiya–Ukrayna müharibəsi, ardınca isə Yaxın Şərqdə alovlanan münaqişələr səbəbindən ardıcıl enerji şokları yaşayan Avropa ölkələri üçün Kanada ideal və təhlükəsiz tərəfdaş kimi önə çıxır.

Kanadanın energetika naziri Tim Hocson Avropa ölkələrinin həm də ABŞ-la yaranan ticarət gərginliyi fonunda Amerika qazından həddindən artıq asılı olmaq istəmədiklərini vurğulayıb: "Biz Avropa üçün həmin etibarlı alternativ ola bilərik. Enerji resurslarından digər dövlətlər kimi geosiyasi təzyiq vasitəsi və ya silah olaraq istifadə etməyən şəffaf bir təchizatçıya çevrilirik", deyə nazir bəyan edib.

MONETAR.AZ