ABŞ-ın ticarət balansında dəyişikliklər: sektorlar üzrə fərqli mənzərə

ABŞ-ın ticarət balansında dəyişikliklər:

Amerika Birləşmiş Ştatları 2025-ci ildə ticarət kəsirini rekord səviyyəyə yaxın - 912 milyard dollar həcmində saxlayıb. Lakin ümumi göstəricinin arxasında sektorlar üzrə kəskin fərqlər müşahidə olunur.

Məlumatlara görə, ABŞ ənənəvi olaraq kapital və resurs tutumlu sahələrdə müsbət saldo əldə edir. Xüsusilə enerji sektoru son illərdə əhəmiyyətli artım göstərib. Belə ki, 2019-cu ildə cəmi 1,2 milyard dollar olan müsbət saldo 2025-ci ildə 80 milyard dolları ötüb. 

Kənd təsərrüfatı sektorunda isə mənfi saldo müşahidə edilir. 2019-cu ildə 9,5 milyard dollar olan kəsir 2025-ci ildə 46,7 milyard dollara yüksəlib. Bu, idxalın - ixracı üstələməsi ilə əlaqələndirilir.

Ən böyük və artan kəsir isə emal sənayesində qeydə alınır. Elektron məhsullar sahəsində kəsir 2019-cu ildəki 207,9 milyard dollardan 2025-ci ildə 334,4 milyard dollara yüksəlib. Bu, ABŞ-ın xüsusilə Asiyadan idxal olunan istehlak elektronikası və komponentlərdən asılılığını göstərir.

Nəqliyyat avadanlıqları sektorunda kəsir 130,3 milyard dollardan 229,5 milyard dollara, maşınqayırma sahəsində isə 74,3 milyard dollardan 133,6 milyard dollara çatıb. Kimya sənayesində də oxşar tendensiya müşahidə olunur - kəsir 77 milyard dollardan 143,5 milyard dollara qədər artıb.

MONETAR.AZ