Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 12-də Rusiyaya qarşı 22-ci sanksiyalar paketini yekdilliklə təsdiqləyiblər. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanın müdafiə sənayesi ilə əlaqəli təxminən 1 600 fiziki və hüquqi şəxsi əhatə edir.

Kallas bildirib ki, sanksiya siyahısına daxil edilənlərin yarıdan çoxu ballistik raketlərin istehsal zəncirində iştirak edən müəssisələr və şəxslərdir.

Kaya Kallas yeni paketi münaqişə başlayandan bəri sanksiya siyahısının ən böyük birdəfəlik genişləndirilməsi kimi qiymətləndirib. Onun fikrincə, bu addım Aİ ölkələrinin Rusiya ilə bağlı siyasətdə vahid mövqedən çıxış etdiyini göstərir.

Aİ-nin ali nümayəndəsi hesab edir ki, yeni məhdudiyyətlər Rusiyada silah istehsalını çətinləşdirəcək, istehsal proseslərini ləngidəcək və hərbi məhsulların maya dəyərini artıracaq.

Qeyd edək ki, Aİ ölkələrinin səfirləri sanksiyalar paketini oktyabrın 7-də ilkin olaraq razılaşdırmışdılar.

Yeni sanksiyalar paketi tam siyahının Avropa İttifaqının “Rəsmi Jurnal”ında dərc olunmasından sonra hüquqi qüvvəyə minəcək.

“Euronews” telekanalının daha əvvəl yaydığı məlumata görə, siyahıya Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində keçirilən Dövlət Dumasına seçkilərdə namizədliyini irəli sürmüş 77 nəfər də daxil edilib.

Bu şəxslərə Aİ ərazisinə giriş qadağasının tətbiqi və blok ölkələrindəki aktivlərinin dondurulması nəzərdə tutulur.

Yeni paket Rusiyanın müdafiə sənayesi ilə əlaqəli şəxslərə və qurumlara təzyiqin artırılmasına, xüsusilə hərbi təyinatlı məhsulların istehsalında iştirak edən subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib.

MONETAR.AZ