Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 14-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək. İmtahan inzibati rəhbər vəzifələrə aid AB və AC, eləcə də inzibati icraçı vəzifələrə aid BA və BB vəzifə altqruplarına uyğun vəzifələri əhatə edəcək.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.
İmtahanda iştirak etmək üçün ümumilikdə 309 namizəd qeydiyyatdan keçib. Onlardan 10-u AB, 16-sı AC, 62-si BA, 221-i isə BB vəzifə altqrupu üzrə müraciət edib.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə əldə edə bilərlər.
İmtahana gələn şəxslər şəxsiyyətlərini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. Sənədlərdən hər hansı biri olmadıqda və ya təqdim olunan sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
İmtahanın təşkili və keçirilməsi üçün 3 zal administratoru, 19 nəzarətçi və 5 buraxılış rejimi əməkdaşı ayrılıb.