Opel və Leapmotor birgə elektrikli SUV modelini 2028-ci ildə bazara çıxaracaq

Opel və Leapmotor birgə elektrikli SUV modelini

“Stellantis” konserninə daxil olan “Opel” şirkəti Çinin “Leapmotor” şirkəti ilə birgə hazırladığı yeni elektrikli SUV modelinin seriyalı istehsalına 2028-ci ilin ortalarında başlamağı planlaşdırır.

Şirkətin baş icraçı direktoru Florian Hyutl bu barədə bu gün Paris Avtosalonunda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni modelin bazara çıxarılması qarşıdakı iki il ərzində nəzərdə tutulur.

Florian Hyutl qeyd edib ki, “Leapmotor” ilə əməkdaşlıq “Opel”ə xüsusilə yeni avtomobil modellərinin hazırlanması prosesini sürətləndirmək baxımından dəyərli təcrübə qazandırır.

Onun sözlərinə görə, strateji tərəfdaşlıq layihələrin planlaşdırılmasına sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaltmağa, diqqəti isə birbaşa məhsulun layihələndirilməsinə və istehsalına yönəltməyə imkan verir.

Yeni elektrikli SUV modelinin hazırlanması “Opel”in elektrikli avtomobillər seqmentində mövqelərini gücləndirmək və yeni modellərin bazara çıxarılması prosesini sürətləndirmək strategiyasının bir hissəsidir.

Seriyalı istehsalın 2028-ci ilin ortalarında başlanması planlaşdırılsa da, avtomobilin texniki xüsusiyyətləri, qiyməti və satışa çıxarılacağı bazarlar barədə əlavə məlumat açıqlanmayıb.

MONETAR.AZ