Azərbaycanda mənzil fondunun ümumi sahəsi 2024-cü ilin əvvəlindən 2026-cı ilin əvvəlinədək 230,4 milyon kvadratmetrdən 241,9 milyon kvadratmetrə yüksəlib. İki il ərzində artım 5% təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə mənzil fondunun otaqlarının ümumi sahəsi də 150,8 milyon kvadratmetrdən 158,1 milyon kvadratmetrə çatıb. Bu, 7,3 milyon kvadratmetr və ya 4,8% artım deməkdir.
Şəhər mənzil fondunun ümumi sahəsi 2024-cü ilin əvvəlində 133 milyon kvadratmetr olduğu halda, 2026-cı ilin əvvəlində 140 milyon kvadratmetrə yüksəlib. Kənd yerlərində isə bu göstərici 97,4 milyon kvadratmetrdən 101,9 milyon kvadratmetrə çatıb.
Mülkiyyət növləri üzrə göstəricilərə əsasən, dövlət mülkiyyətində olan mənzil fondunun ümumi sahəsi 9,9 milyon kvadratmetrdən 13 milyon kvadratmetrə yüksəlib. Qeyri-dövlət mülkiyyətində olan mənzil fondunun sahəsi isə 220,5 milyon kvadratmetrdən 228,9 milyon kvadratmetrə çatıb.
Əhalinin xüsusi mülkiyyətində olan mənzil fondunun ümumi sahəsi də artaraq 205,7 milyon kvadratmetrdən 223,8 milyon kvadratmetrə yüksəlib.
Adambaşına düşən ümumi mənzil sahəsi 2024-cü ilin əvvəlində 22,6 kvadratmetr olduğu halda, 2026-cı ilin əvvəlində 23,6 kvadratmetr təşkil edib. Şəhərlərdə bu göstərici 24 kvadratmetrdən 25,1 kvadratmetrə, kənd yerlərində isə 21 kvadratmetrdən 21,7 kvadratmetrə yüksəlib.
Beləliklə, 2024–2026-cı illərdə Azərbaycanda mənzil fondunun ümumi sahəsi ilə yanaşı, otaqların sahəsi və adambaşına düşən mənzil sahəsi də artıb.