İsveç telekommunikasiya qrupu “Telia” illik xərclərini 1 milyard İsveç kronu azaltmaq məqsədilə təxminən 900 iş yerini ixtisar etməyi planlaşdırır. Bu, şirkətin ümumi işçi heyətinin təxminən 6%-i deməkdir.
Bazar ertəsi açıqlanan plana əsasən, ixtisarlar həm daimi əməkdaşları, həm də xarici konsultantları əhatə edəcək. Şirkət qənaət proqramı çərçivəsində əməliyyat xərclərini də (OPEX) azaltmağı nəzərdə tutur. Həmkarlar ittifaqları ilə standart danışıqların aparılması şərtilə tədbirlərin 2026-cı il dekabrın 31-dək başa çatdırılması planlaşdırılır.
“Telia” 2026-cı ilin dördüncü rübündə təxminən 600 milyon İsveç kronu həcmində restrukturizasiya xərcləri gözləyir. Pul vəsaitlərinin əsas çıxışının isə 2027-ci ildə baş verəcəyi bildirilir. Şirkətin açıqlamasına görə, bu xərclər təsdiqlənmiş 2026-cı il maliyyə proqnozlarına və orta müddətli hədəflərə mənfi təsir göstərməməlidir.
Telekommunikasiya qrupu həyata keçiriləcək tədbirlərin 2028-ci ildən etibarən sərbəst pul axınına (FCF) xalis müsbət təsir göstərəcəyini proqnozlaşdırır. Qənaət proqramının maliyyə nəticələri barədə daha ətraflı məlumatın oktyabrın 22-də açıqlanacaq üçüncü rüb hesabatında təqdim edilməsi gözlənilir.
İxtisarların ən böyük hissəsi Finlandiyanın payına düşəcək. Bu ölkədə təxminən 2 450 ştat vahidindən 280-nin ləğvi nəzərdə tutulur. İsveçdə 6 000 ştatdan 260-ı, Norveçdə 1 800 ştatdan 150-si, Litvada 2 350 ştatdan 110-u, Estoniyada isə 1 400 ştatdan 100-ü ixtisar ediləcək.
Şirkətin təxminən 100 ştat vahidinin olduğu digər ölkələrdə ixtisar aparılması planlaşdırılmır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, “Telia”da təxminən 14 100 ştat vahidi mövcuddur. Xarici konsultantlar həm ümumi işçi sayının, həm də nəzərdə tutulan ixtisarların təxminən 3%-ni təşkil edir.
Şirkət xərclərin azaldılması ilə yanaşı, idarəetmə modelində dəyişikliklər etməyi də planlaşdırır. Bu çərçivədə əsasən ümumi “Texnologiya” bölməsindən təxminən 220 ştat vahidinin ölkələr üzrə yerli bölmələrə keçirilməsi təklif olunur. Məqsəd qərarların qəbulunu sürətləndirmək və kommersiya fəaliyyətinin səmərəliliyini artırmaqdır.
“Biz ölkələrimizə daha çox səlahiyyət vermək, ümumi ‘Texnologiya’ bölməmizdən və digər korporativ funksiyalardan maksimum istifadə etmək, eləcə də yüksək rəqabətli bazarda ‘Telia’nın mövqelərini möhkəmləndirmək istəyirik”, — deyə şirkətin baş icraçı direktoru Patrik Hofbauer bildirib.
O əlavə edib ki, rəhbərlik planın həyata keçirilməsinin çətin qərarlar qəbul etməyi və bütün əməkdaşların dəstəyini tələb edəcəyini anlayır.
Təklif olunan dəyişikliklər “Telia”nın 2024-cü ilin dekabrında tətbiq etdiyi müştəriyönümlü əməliyyat modelinin davamı kimi təqdim olunur. Şirkətin məlumatına görə, həmin model müştəri məmnuniyyətinin artırılmasına və maliyyə göstəricilərinin, xüsusilə də sərbəst pul axınının yaxşılaşdırılmasına töhfə verib.
MONETAR.AZ