Dollar son 19 ayın maksimumuna yaxınlaşdı

Dollar son 19 ayın

ABŞ dolları çərşənbə axşamı bir qədər ucuzlaşaraq 103,4 bəndə geriləsə də, son 19 ayın ən yüksək səviyyəsinə yaxın qalmaqda davam edib. İnvestorların Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə mübarizə çərçivəsində faiz dərəcələrini yenidən artıracağına dair gözləntiləri dolları dəstəkləyir.

Monetar.az xəbər verir ki, dollar indeksi əvvəlki sessiyada 2025-ci ilin aprelindən bəri ən yüksək səviyyəsinə çatıb. Çərşənbə axşamı qeydə alınan cüzi geriləməyə baxmayaraq, bazarda dolların mövqeyi güclü olaraq qalır.

İnvestorlar FED-in son iclasının protokollarının çərşənbə günü açıqlanmasını gözləyirlər. Sənəd ABŞ Mərkəzi Bankının gələcək pul siyasəti ilə bağlı planlarına əlavə aydınlıq gətirə bilər.

Sent-Luis Federal Ehtiyat Bankının prezidenti Alberto Musalem çərşənbə axşamı bildirib ki, inflyasiyanın qarşısını almaq üçün yaxın aylarda faiz dərəcələrinin 4 dəfəyədək artırılması zəruri ola bilər.

Bundan əvvəl Klivlend Federal Ehtiyat Bankının prezidenti Bet Hemak faizlərin kiçik addımlarla və tədricən artırılmasını dəstəklədiyini, lakin inflyasiya təzyiqlərinin güclənəcəyi təqdirdə daha böyük artımların da mümkün olduğunu bildirib.

Hazırda bazarlar FED-in gələn ay faiz dərəcəsini 0,25 faiz bəndi artırması ehtimalını təxminən 95% qiymətləndirir. Gələn ilin yanvar və aprel aylarında da əlavə faiz artımları gözlənilir.