ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında uçot faiz dərəcəsini 0,25 faiz bəndi artıracağı gözlənilir. Faiz fyuçerslərinin qiymətləndirməsinə görə, belə bir qərarın qəbul olunma ehtimalı 90%-dən yüksəkdir. Daha kəskin, 0,50 faiz bəndlik artım ehtimalı isə aşağı qiymətləndirilir.
Monetar.az xəbər verir ki, bazar iştirakçılarının faiz artımı gözləntiləri FED rəsmilərinin son dövrdə sərt pul siyasətini dəstəkləyən açıqlamalarından sonra güclənib.
FED-in İdarə Heyətinin üzvü Kristofer Uoller, eləcə də regional Federal Ehtiyat banklarının prezidentləri Lori Loqan, Bet Hemak və Con Uilyams inflyasiyanın yüksək səviyyədə qalması fonunda daha sərt pul siyasətinin zəruri olduğunu bildiriblər.
Oktyabr ayına dair istehlak qiymətləri indeksi (CPI) məlumatları da baza inflyasiya göstəricilərinin gözləntilərdən daha çox artdığını göstərib. Bu isə Yaxın Şərqdə müharibə fonunda yüksələn enerji qiymətlərinin iqtisadiyyatın digər sektorlarına da təsir etməyə başladığına işarə edir.
Faiz fyuçersləri FED-in gələn ilin iyul ayınadək daha 3 dəfə faiz artımına gedə biləcəyini göstərir. Bu gözləntilər davamlı inflyasiya təzyiqləri və əmək bazarının güclü qalması ilə əlaqələndirilir.
Beləliklə, bazarlar FED-in yaxın aylarda pul siyasətini yumşaltmaq əvəzinə daha da sərtləşdirəcəyini proqnozlaşdırır.