Azərbaycanın yerli sığorta bazarı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bazarları arasında böyüklüyünə və inkişaf dinamikasına görə 3-cü yerdə qərarlaşır.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev AZƏRTAC-a bildirib.
“ASA bu geriliyin səbəbini nə ilə izah edir və hansı islahatları təklif edir?” sualına cavab olaraq icraçı direktor bildirib ki, sığorta sektoru hazırda yeni inkişaf mərhələsindədir.
“Xüsusilə son 5 ilin bazar dinamikasına nəzər salsaq görərik ki, yığımlarda qeydə alınan artım tendensiya olaraq tam təmin olunmuş vəziyyətdədir. Belə ki, Azərbaycanın sığorta bazarı 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə 26 faiz, 2024-cü ildə 11 faiz böyüyüb. Sevindirici haldır ki, müvafiq böyümə cari il üzrə hesabat dövrlərində də davam etməkdədir. Azərbaycan Mərkəzi Bankının bu gün açıqladığı və 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edən sığorta icmalına da diqqət yetirsək görərik ki, sığorta bazarımızda qeyd olunan hesab dövrü ərzində 1 milyard 256 milyon manat sığorta haqqı təmin olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz çoxdur. Maraqlıdır ki, analoji artım sığorta ödənişlərində də müşahidə olunur. Belə ki, hesabat dövrü ərzində baş vermiş sığorta hadisələrinə görə 772,6 milyon manat ödəniş edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur”, - deyə qurum rəhbəri bildirib.
Elmar Mirsalayev onu da əlavə edib ki, yerli sığorta bazarı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bazarları arasında böyüklüyünə və inkişaf dinamikasına görə 3-cü yerdə qərarlaşır: “Habelə, ölkəmiz Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 100 faizlik penetrasiyaya sahib olmaqla region ölkələri arasında birinci yerdədir. Bu, gənc respublikamızın gənc sığorta sektoru üçün çox yaxşı nəticədir. Lakin təbii ki, bununla kifayətlənmirik. Bu gün yerli sığorta bazarının davamlı və dayanıqlı inkişafı məqsədilə nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankı tərəfindən məqsədyönlü addımlar atılır, aktual sektorial islahatlar həyata keçirilir”.