OECD-nin “Pensions at a Glance” adlı yeni hesabatı son illərdə doğum səviyyələrinin proqnozlaşdırılması ilə bağlı davamlı olaraq təkrarlanan səhvləri bir daha gündəmə gətirib. Hesabatda qeyd olunur ki, proqnozlaşdırılan göstəricilər əslində doğum səviyyəsində baş verən azalmanı ardıcıl şəkildə düzgün əks etdirməyib. Bu isə uzunmüddətli perspektivdə pensiya sistemlərinin maliyyə dayanıqlığına risk yarada bilər.
Məlumata görə, OECD ölkələrində bir qadına düşən ömürlük doğum sayı 1980-ci ildəki 2,2 səviyyəsindən 1994-cü ildə 1,9-a düşüb. Həmin dövrdə demoqraflar doğum səviyyəsinin əsrin ortalarında yenidən 2,1 səviyyəsinə yüksələcəyini proqnozlaşdırırdılar. Lakin 2002-ci ilə gəldikdə doğum göstəricisi 1,66-ya enmişdi və demoqraflar yenə də 2047-ci ilə qədər 1,85 səviyyəsinə yüksəliş gözləyirdilər.
2012-ci ildə müəyyən yumşaq artım qeydə alınıb və göstərici 1,75-ə yüksəlib. Bu, demoqraflar arasında doğum səviyyəsinin 2050-ci ilədək 1,8-ə çatacağı barədə yeni gözləntilərin formalaşmasına səbəb olub. Lakin statistika bunun əksini göstərib: 2024-cü ildən etibarən doğum səviyyəsi yenidən azalmağa başlayaraq 1,5-dən aşağı düşüb.
Hesabatda həmçinin bildirilir ki, buna baxmayaraq, doğum səviyyəsinin orta müddətdə qismən bərpa olunacağı ilə bağlı proqnozlar hələ də saxlanılır. Mövcud qiymətləndirmələrə görə, göstəricinin 2050-ci ildə 1,52-yə, 2070-ci ildə isə 1,54-ə yüksələcəyi ehtimal edilir.
Bir sıra alimlər hesab edirlər ki, BMT-nin rəsmi demoqrafik proqnozları ehtiyatlı yanaşma ilə hazırlanır və dünya əhalisinin sayındakı azalma bu proqnozlarda göstərildiyindən daha sürətli baş verə bilər. “The Lancet” jurnalında 2020-ci ildə dərc olunan bir araşdırmada isə iddia edilir ki, dünya əhalisinin sayı BMT proqnozlarının əksinə olaraq 2100-cü ilə qədər artmayacaq, əksinə kəskin şəkildə azalacaq və hətta əsrin sonuna qədər indiki səviyyədən də aşağı düşə bilər.
Mütəxəssislər bildirirlər ki, əhalinin artımına dair uzunmüddətli modellər daha çox araşdırıldığı üçün nisbətən dəqiqdir. Lakin əhali sayının azalması kimi yeni mövzular üzrə modellərin hələ kifayət qədər inkişaf etməməsi bu sahədə proqnozların qeyri-müəyyənliyini artırır.
MONETAR.AZ