Azərbaycanda tibbi sığorta sisteminin əhatə dairəsini genişləndirmək və əhalinin tibbi xidmətlərə çıxışını daha da yaxşılaşdırmaq məqsədilə icbari tibbi sığorta (İTS) ilə könüllü tibbi sığortanın (KTS) inteqrasiya edildiyi yeni model üzərində işlər aparılır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov məlumat verib.
Rüstəm Tahirov bu fikirləri Amerikaya Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə Bakıda keçirilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda tədbirdə səsləndirib. O bildirib ki, hazırda tətbiqi nəzərdə tutulan model bir sıra inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır və əsas məqsəd tibbi sığortaya əlçatanlığı artırmaqdır.
Onun sözlərinə görə, yeni inteqrasiya olunmuş model icbari tibbi sığortanın baza təminatından istifadə etməklə sığorta şirkətlərinin risk yükünü azaltmağa, bununla da könüllü tibbi sığortanın daha münasib şərtlərlə təqdim olunmasına şərait yaradacaq: “Layihəmiz vətəndaşların tibbi sığortaya çıxış imkanlarını genişləndirməyi, tibbi sığorta haqlarının daha əlçatan olmasını təmin etməyi hədəfləyir. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən ardıcıl işlər aparılır.”
Hazırda dünyada icbari və könüllü tibbi sığortanın inteqrasiyası “baza və əlavə sığorta sistemi” kimi tanınır. Almaniya, Niderland və Türkiyədə bu yanaşma uğurla tətbiq olunur. Almaniyada icbari sistem bazanı təmin edir, könüllü sığorta isə əlavə xidmətləri təmin etməklə geniş imkanlar yaradır. Niderlandda baza tibbi sığorta məcburi şəkildə tətbiq edilir, könüllü sığorta isə əlavə xidmət və seçim imkanı təklif edir. Türkiyədə isə “tamamlayıcı tibbi sığorta” icbari təminatın qarşılamadığı əlavə xərcləri ödəməklə vətəndaşlara daha geniş tibbi xidmət əldə etmək imkanı verir.
Azərbaycanda tətbiqi nəzərdə tutulan yeni model icbari tibbi sığortanın yaratdığı baza təminatını qorumaqla yanaşı, fərdi və korporativ müştərilər üçün könüllü tibbi sığortanın daha əlçatan olmasını hədəfləyir. Hazırda ölkədə KTS bazarının əsas hissəsi korporativ sektorun payına düşür, fərdi könüllü tibbi sığortanın isə genişlənməsi üçün əlavə stimullara ehtiyac var.
Yeni model icbari təminatı tamamlayan mexanizm vasitəsilə qiymətlərin aşağı düşməsinə, fərdi müştərilər üçün daha geniş seçimlərin yaradılmasına, həmçinin sığorta sektorunun dayanıqlığının artırılmasına imkan verəcək.
MONETAR.AZ