Gürcüstanla gömrük-keçid məntəqələrində 20 gündən çox saxlanılan Azərbaycan yük avtomobillərinin məsələsi deyəsən həll olunmağa başlayıb.
Gürcü rəsmi şəxsləri Zəngəzur dəhlizi ilə bağlı heç bir etiraz açıqlamasa da, sürücülərə “sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin” ifadəsinin deyilməsi, üstəlik, azərbaycanlı sürücülərin kobud münasibət və əsassız gecikmələrlə üzləşməsi artıq təsadüfi epizod yox, narahatlıq siqnalıdır.
Mən müstəqil iqtisadçı kimi qarşı tərəfə bəzi xatırlatmalar etmək istəyirəm.
- Azərbaycanın reallşadırdığı Bakı–Tbilisi–Ceyhan neft kəməri Gürcüstanın ən böyük tranzit gəlir mənbələrindən biri olub və olmaqdadır.
- Bakı-Tbilisi-Ərzurum / Cənubi Qafqaz Boru Kəməri Gürcüstanın qaz tədarükü və tranzit gəlirlərinin əsas xəttidir.
- Cənub Qaz Dəhlizi Gürcüstan üzərindən keçən regional enerji layihəsi olmaqla bu ölkəyə strateji əhəmiyyət qazandırıb.
- Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanı Orta Dəhlizin mərkəzi qovşağına çevirən strateji xətt olub ki, bu da Gürcüstana həm iqtisadi, həm geosiyasi dividentlər qazandrımaqdadır.
- Xəzərdən Avropaya uzananması üçün yaradılmaqda olan “Yaşıl Enerji Dəhlizi” (Qara dənizin sualtı kabeli) Gürcüstan üçün milyardlıq investisiya potensialı yaradan yaşıl enerji layihəsidir və Azərbaycanın təşəbbüsü ilə Ermənistandan yox,məhz Gürcüstandan keçir.
- SOCAR tərəfindən Gürcüstanın qazpaylayıcı sisteminin modernləşdirilməsi yüzlərlə yaşayış məntəqəsinə qazlaşdırma və infrastrukturun yenilənməsi olmuşdur. Hansı ki bunun nəticəsində onların qaz əlçatanlığı Azərbaycan vətəndaşının qaz əlçatanlığından heç də geri qalmamışdır.
- Gürcüstan iqtisadiyyatına birbaşa Azərbaycan investisiyalarını, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə birgə gömrü-logistika layihələrini, yoxsa Azərbaycan-Gürcüstan yüksək gərginlikli elektrik interconnector xətlərini və digər çox saylı məqamları yada salmaq olar.
Bir sözlə, 30 ildir ki, Gürcüstanın iqtisadiyyatının böyüməsində, büdcə gəlirlərinin formalaşmasında, regiona çıxışının təmin edilməsində, enerji təhlükəsizliyinin yarımçıq qalmamasında Azərbaycan qədər rol oynayan ikinci dövlət olmayıb. Bu gün Gürcüstanın limanlarını, yollarını, dəmir yollarını işlədən əsas yük axınının mənbəyi də Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrdir.
Odur ki, 30 il faydala götürülən bir ölkəyə qarşı bu münasibət göstərmək düzgün deyil. Həm də axı regionun enerji xəritəsi, nəqliyyat dəhlizləri, sərmayə axınları və logistika infrastrukturunun formalaşması iki ölkənin strateji tərəfdaşlığı üzərində qurulub və gələcəkdə də davam edəcək.
Zəngəzur dəhlizinin işə düşməsi Gürcüstanın aktuallığını azaltmayacaq. Nəqliyyat kommunikasiya və enerji dəhlizlərinin imkanları genişlənəcək. Şərq və Qərb arasında proqnoz edilən axınlar uzunmüddətli perspektivdə Gürcüstanın yük axınını və iqtisadi rolunu daha da gücləndirə bilər.
Eldəniz Əmirov
İqtisadçı