Rəqabəti məhdudlaşdıranlar hansı halda məsuliyyətən azd olunacaq?

Rəqabəti məhdudlaşdıranlar

Rəqabəti məhdudlaşdırma ilə bağlı cinayət məsuliyyətindən azad edilmə halı qanunvericilikdə rəsmən təsbit olunub. Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişikliklər rəqabət mühitinin qorunması və inzibati-hüquqi tənzimləmələrin təkmilləşdirilməsi məqsədi daşıyır.

Dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsinin adı və məzmunu yenilənib və maddə bundan sonra “Rəqabəti məhdudlaşdırma” adlandırılacaq. Qanunla yol verilən hallar istisna olmaqla üfüqi və şaquli sazişlərin bağlanması, uyğunlaşdırılmış hərəkətlər edilməsi və hökmran mövqedən sui-istifadə edilməsi nəticəsində xeyli miqdarda ziyan vurulduqda və ya xeyli miqdarda gəlir əldə edildikdə cinayət məsuliyyəti yaranacaq.

Yeni anlayışlara uyğun olaraq:

  • Xeyli miqdar – 200 min manatdan yuxarı, lakin 500 min manatdan çox olmayan məbləğ,

  • Külli miqdar – 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan çox olmayan məbləğ,

  • Xüsusilə külli miqdar – 1 milyon manatdan yuxarı məbləğ hesab olunur.

Qanunvericiliyə əsasən, rəqabəti məhdudlaşdıran hərəkətlər nəticəsində ziyan vurulması və ya gəlir əldə edilməsi halında cinayət məsuliyyəti aşağıdakı qaydada tətbiq olunacaq:

Birinci səviyyə pozuntu:
Cinayət nəticəsində vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin iki misli məbləğində cərimə tətbiq edilməklə, həmçinin iki il müddətinə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ağırlaşdırıcı hallar:
Əməlin təkrar törədilməsi, mütəşəkkil dəstə tərəfindən edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və ya külli miqdarda ziyan və gəlirlə nəticələnməsi halında, ziyanın (gəlirin) üç misli məbləğində cərimə və ya üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Xüsusilə ağır hallar:
Cinayətkar birlik tərəfindən törədildikdə, zor tətbiqi və ya hədəsi ilə müşahidə olunduqda, əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, yaxud xüsusilə külli miqdarda ziyana səbəb olduqda, cəza yeddi ildən on iki ilədək azadlıqdan məhrumetmə və ziyanın (və ya gəlirin) dörd misli məbləğində cərimə olacaq.

Qanunvericilikdə ilk dəfə olaraq məsuliyyətdən azadolma mexanizmi də təsbit edilib. Belə ki, əməli törətmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəmiş və ya əldə etdiyi gəliri dövlət büdcəsinə köçürmüş, əlavə olaraq isə həmin məbləğin bir misli miqdarında ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.

MONETAR.AZ