ABŞ və daha 9 ölkə süni intellektin, xüsusilə də superintellektin inkişafı üçün strateji əhəmiyyət daşıyan texnologiyaların qorunması istiqamətində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib. Tərəflər kritik texnologiyaların və onların tədarük zəncirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə birgə bəyannamə imzalayıblar.
ABŞ Dövlət Departamentinin məlumatına görə, “Davamlı Rifahın Əsasları haqqında San-Fransisko Bəyannaməsi” noyabrın 15-də ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin təşəbbüsü ilə keçirilən “Pax Silica Founders Retreat” forumunda imzalanıb.
Sənədə ABŞ-la yanaşı Avstraliya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya, Qətər, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya qoşulub. Bəyannamənin imzalanması etibarlı texnoloji tərəfdaşlıqların genişləndirilməsini və strateji təchizat zəncirlərinin həssaslığının azaldılmasını hədəfləyən Pax Silica koalisiyasının fəaliyyətində yeni mərhələ hesab olunur.
Sənəddə iqtisadi təhlükəsizlik milli təhlükəsizliyin əsas tərkib hissəsi kimi qiymətləndirilir. Tərəflər superintellektin inkişafı ilə əlaqəli tədarük zəncirlərinin əsasını təşkil edən texnologiyaların və infrastrukturun birgə qorunmasının vacibliyini vurğulayıblar.
Razılaşma çərçivəsində iştirakçı ölkələrin hökumətləri beş istiqamət üzrə işçi qruplar yaratmağı planlaşdırır. Bu qruplar innovasiyaları təşviq edən siyasətlərin hazırlanması, iqtisadiyyatın əsas sektorlarında superintellektin tətbiqinin genişləndirilməsi və texnoloji istehsal zəncirinin bütün mərhələlərində koordinasiyanın gücləndirilməsi ilə məşğul olacaq.
Bundan başqa, “təhlükəsiz limanlar”ın və tədarük zəncirlərinin mühafizəsi mərkəzlərinin yaradılması, eləcə də ümumi təhlükəsizlik və dayanıqlığın artırılması da işçi qrupların fəaliyyət istiqamətlərinə daxildir.
Bəyannamədə qorunmalı texnologiyaların əhatə dairəsi geniş müəyyən edilib. Buraya oğurlanması və ya icazəsiz ötürülməsi digər ölkələrə hərbi və kəşfiyyat üstünlüyü qazandıra, yaxud razılaşma iştirakçıları üçün iqtisadi və milli təhlükəsizlik riskləri yarada biləcək mallar, proqram təminatı, materiallar, texniki biliklər, komponentlər və istehsal resursları daxildir.
Sənəddə bu texnologiyaların istehsalı və dövriyyəsini təmin edən kritik infrastruktur da ayrıca vurğulanır. Belə infrastruktura limanlar, nəqliyyat və logistika şəbəkələri, rabitə sistemləri, informasiya-kommunikasiya texnologiyaları infrastrukturu, enerji obyektləri və rəqəmsal platformalar aid edilir.
İştirakçı ölkələr həddindən artıq asılılığın qarşısını almaq üçün daha şaxələndirilmiş və etibarlı tədarük zəncirlərinin qurulmasına çağırıblar. Onlar iqtisadi təzyiqlərə, təchizatın pozulmasına və bazar mexanizmlərini təhrif edən siyasətə qarşı mübarizədə birgə fəaliyyət göstərmək öhdəliyi götürüblər.
Bununla yanaşı, bəyannamədə özəl investisiyaların qorunması, innovasiyaların inkişafı və iqtisadi artım üçün ədalətli rəqabət şəraitinin yaradılması da əsas prioritetlər sırasında göstərilib.
MONETAR.AZ