Süni intellekt sahəsində ən çox tələb olunan bacarıqlar 

Süni intellekt sahəsində ən çox

Süni intellekt (Sİ) texnologiyalarının əmək bazarında sürətlə genişlənməsi fonunda bu sahə üzrə tələb olunan bacarıqlar da əhəmiyyətli dərəcədə dəyişir. ABŞ-ın Stenford Universitetinin 2026-cı il üzrə Süni İntellekt İndeksi hesabatına əsasən, iş elanlarında texniki və infrastruktur yönümlü bacarıqlara tələbat kəskin artıb.

Təhlillərə görə, proqramlaşdırma və fundamental texniki biliklər əvvəlki illərdə olduğu kimi yenə də ən yüksək tələb olunan bacarıqlar sırasındadır. Xüsusilə Python proqramlaşdırması üzrə biliklərə tələbat 2013–2015-ci illərlə müqayisədə dəfələrlə artaraq 2025-ci ildə yüz minlərlə vakansiyada qeyd olunub. Eyni zamanda Kompüter elmləri sahəsi üzrə biliklər də əmək bazarında əsas tələb kimi qalır.

Hesabatda qeyd olunur ki, son illərdə süni intellekt sistemlərinin tətbiqi və miqyaslandırılması ilə bağlı bacarıqlara da ciddi ehtiyac yaranıb. Xüsusilə sistemlərin genişləndirilməsi (scalability), proseslərin avtomatlaşdırılması və iş axınlarının idarə olunması üzrə biliklərə tələbat əhəmiyyətli dərəcədə artıb.

Bundan başqa, bulud texnologiyaları üzrə biliklər də ön plana çıxır. Bu sahədə Amazon Web Services (AWS) üzrə bacarıqlara tələbat ən sürətlə artan istiqamətlərdən biri kimi qeyd olunur. Bu texnologiyalar süni intellekt sistemlərinin səmərəli işləməsində əsas infrastruktur rolunu oynayır.

Eyni zamanda məlumatların emalı və təhlili sahəsində də ciddi artım müşahidə olunur. Data science və məlumat analitikası üzrə bacarıqlar böyük həcmdə məlumatlardan nəticə çıxarmaq və qərarvermə proseslərini dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislərin qənaətinə görə, süni intellekt sahəsində əmək bazarı artıq tək bir ixtisasdan deyil, bir neçə texniki istiqamətin birləşməsindən formalaşan bacarıqlar kompleksinə əsaslanır.

MONETAR.AZ