1 May – Beynəlxalq Əmək Günü: tarixi və müasir dövrdə yeri

1 May – Beynəlxalq Əmək Günü:

Dünyanın əksər ölkələrində qeyd olunan 1 May tarixi zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi tanınır və əmək hüquqları uğrunda mübarizənin rəmzi hesab olunur.

Bu bayramın əsası XIX əsrdə ABŞ-da baş verən fəhlə hərəkatına dayanır. 1886-cı il mayın 1-də Çikaqo şəhərində 300 mindən çox fəhlə uzunmüddətli — gündə 10-15 saatlıq iş rejiminə etiraz edərək kütləvi nümayişlərə çıxıb. Onlar 8 saatlıq iş günü və istirahət hüququnun təmin olunmasını tələb edirdilər. Qısa müddətdə bu etirazlar ölkənin digər sənaye mərkəzlərinə də yayıldı və sonradan Avropaya keçərək geniş fəhlə hərəkatına çevrildi.

1889-cu ildə Parisdə keçirilən və fəhlə partiyalarının beynəlxalq birliyi olan İkinci İnternasional konqresində 1 may gününün bütün dünya fəhlələrinin həmrəylik günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Artıq 1890-cı ildən etibarən bu tarix beynəlxalq səviyyədə qeyd olunmağa başladı.

Tarixi inkişaf prosesində 1 May təkcə fəhlə sinfinin hüquqları uğrunda mübarizənin deyil, həm də sosial ədalət, əmək şəraiti və insan hüquqlarının qorunmasının simvoluna çevrildi.

Azərbaycan SSRİ tərkibində olduğu 1920–1991-ci illərdə bu günü rəsmi bayram kimi qeyd edib. Müstəqillik əldə edildikdən sonra isə, 1992-ci ildən etibarən 1 May dövlət səviyyəsində qeyri-iş günü statusunu itirib. Buna baxmayaraq, gün bu gün də müəyyən ictimai dairələrdə həmrəylik və əmək bayramı kimi xatırlanır.

Hazırda 1 May dünyanın onlarla ölkəsində, o cümlədən bir sıra Avropa dövlətlərində rəsmi istirahət günü kimi qeyd olunur. Bu tarix müasir dövrdə də əmək hüquqlarının qorunması və sosial rifahın artırılması istiqamətində çağırış kimi aktuallığını qoruyur.

Beynəlxalq Əmək Günü zəhmətkeşlərin hüquqlarının qorunması, layiqli əmək şəraitinin təmin olunması və sosial bərabərliyin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Bir çox ölkələrdə bu gün rəsmi istirahət günü elan olunur, müxtəlif yürüşlər, konfranslar və ictimai tədbirlər təşkil edilir.

MONETAR.AZ