15 milyon manat vətəndaşlara geri qayıtdı: Ev aldııqlarına görə

15 milyon manat vətəndaşlara geri qayıtdı:
7 İyul 2025 12:18

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14,8 mln. manatı vətəndaşlara geri ödənilib

Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir. Bununla bağlı cari ilin 6 ayı ərzində ümumilikdə 2.665 müraciət daxil olub, onlardan 1.768-i üzrə 14,8 mln. manat vəsait vətəndaşlara ödənilib, 868 müraciətə isə müvafiq qaydaların tələblərinə əsasən, baxılmaqdan imtina edilib.

Müraciətlərin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) belə halları bir daha vətəndaşların diqqətini çatdırır. Beləliklə, imtinaya səbəb olan əsas məqamlar aşağıdakılardır:

  • son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması;
  • ödənişin təyinatında e-qaimənin məlumatlarının əks edilməməsi;
  • ödənişin tam və ya bir hissəsi başqa şəxslər tərəfindən həyata keçirildiyi halda ödəniş tarixinə nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamənin olmaması;
  • Ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi.

Vətəndaşlar nəzərə almalıdırlar ki, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir.

DVX mənzil tikintisi ilə məşğul olan şəxslərə müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.

Xatırladaq ki, ƏDV-nin bir hissəsinin qaytarılması dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil edilir.

MONETAR.AZ


Oxşar xəbərlər