Dövlət istiqrazları bazarı 2 şirkətin əlində

2025-ci ilin ilk yarısında Bakı Fond Birjasında dövlət istiqrazları üzrə aparılmış əməliyyatların statistikası açıqlanıb.
Dövlət istiqrazları bazarında ən böyük əməliyyatı "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC həyata keçirib. Şirkət 6 ərzində 3 milyard 143 milyon manatdan çox əməliyyat formalaşdıraraq bazarın lideri olub. Lakin, bu liderlik çox da fərqlə əldə edilməyib. İkinci yerdəki "ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin əməliyyat həcmi cəmi 3 milyard 77 milyon manat olub, yəni liderlə yalnız 66 milyon manat fərq var.
Bazarda əsas oyunçular arasındakı fərq o qədər də böyük deyil. 2 böyük şirkət faktiki olaraq dövlət istiqrazları bazarını "idarə edir" və bazar həcminin böyük hissəsini üzərlərinə götürüblər.
Üçüncü yerdə 199 milyon manatlıq əməliyyat həcmi ilə "Unicapital İnvestisiya Şirkəti" yer alır. Bu şirkətin bazarda mövqeyi güclü olsa da liderlərdən xeyli geridə qalır. Həmçinin, CPM-İnvest, Assist Finance və Xalq Kapital kimi şirkətlər isə 70–150 milyon manat arasında əməliyyatlar həyata keçirərək orta aktivlik nümayiş etdiriblər.
Əməliyyat həcmi 30 milyon manatdan aşağı olan iştirakçılar arasında "İnvest-Az", "PSG Kapital", "CFI Financial", "Troni" və "Capital Partners" yer alır. Bu şirkətlərdən "Capital Partners" 1,9 milyon manatlıq əməliyyatla ən son sırada yer alıb. Maraqlıdır ki, "MFX Trading" isə dövlət istiqrazları bazarında heç bir əməliyyat həyata keçirməyib, bu da bazarda aktivlik nümayiş etdirməyən şirkətlərin olduğunu göstərir.
MONETAR.AZ