Gündəlik vərdişlər cibinizi soyur – Hesablayın, nəticə sizi təəccübləndirəcək

Gündəlik vərdişlər cibinizi soyur – Hesablayın,

 Hər gün alınan bir stəkan qəhvə, tez-tez sifariş edilən fastfud, siqaret, enerji içkiləri və ya onlayn alış-veriş zamanı edilən plansız xərclər çoxlarına əhəmiyyətsiz görünür. Lakin bu xərclər ilin sonunda toplandıqda minlərlə manata çatır.

Maliyyə ekspertlərinin fikrincə, insanların əksəriyyəti kiçik məbləğli, lakin müntəzəm xərclərin ümumi büdcəyə təsirini düzgün qiymətləndirmir. Məsələn, gündəlik 4-5 manatlıq qəhvə ay ərzində 120-150 manata, il ərzində isə 1500 manatdan çox məbləğə bərabər olur.

Eyni vəziyyət yemək sifarişlərində də müşahidə edilir. Həftədə bir neçə dəfə 15-20 manatlıq fastfud və ya restoran sifarişi verən şəxs il ərzində bu məqsədlə 2-3 min manatdan çox vəsait xərcləyə bilər.

Mütəxəssislər bildirirlər ki, son illərdə onlayn alış-veriş platformalarının geniş yayılması impulsiv alışların da artmasına səbəb olub. Endirim kampaniyaları və sürətli çatdırılma imkanları bir çox insanı ehtiyac duymadığı məhsulları almağa sövq edir.

Psixoloqlar bunu "kiçik xərclər effekti" ilə izah edirlər. İnsanlar gündəlik 5 və ya 10 manatlıq ödənişi ciddi xərc hesab etməsələr də, həmin vəsaitlərin aylıq və illik yekunu kifayət qədər böyük rəqəmlər ortaya çıxarır.

Ekspertlər vətəndaşlara bank tətbiqlərindəki xərclərini təhlil etməyi, ən çox pul sərf etdikləri vərdişləri müəyyənləşdirməyi və həmin istiqamətlərdə xərcləri tədricən azaltmağı tövsiyə edirlər. Qənaət edilən vəsaitin ayrıca hesabda saxlanılması isə gələcəkdə səyahət, təhsil və ya digər vacib məqsədlər üçün maliyyə ehtiyatı yaratmağa imkan verir.

Mütəxəssislərin qənaətinə görə, maliyyə sabitliyinə aparan yol məhz gündəlik xırda xərclərə nəzarətdən başlayır.

MONETAR.AZ