Rusiyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Rusiyada keçirilən festivalda Azərbaycan mədəniyyəti

Rusiyanın Yaroslavl vilayətində Gənclər Gününə həsr olunmuş festivalın əsas məqamlarından biri Azərbaycan mədəniyyətinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, festivalın ən populyar sahələrindən biri qonaqları Azərbaycan xalqının mədəniyyəti və adət-ənənələri ilə tanış edən sərgi olub.

Sərgi Yaroslavl vilayəti Azərbaycan Qadınlar Birliyinin, “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Yaroslavl Regional İctimai Təşkilatının Azərbaycan Qadınlar Şurasının rəhbəri və Yaroslavl vilayəti hökuməti yanında millətlərarası münasibətlər üzrə Koordinasiya Şurasının üzvü Xatirə Qəmbərova tərəfindən təşkil olunub.

Ziyarətçilər Azərbaycanın zəngin mədəni irsi, əsrlər boyu davam edən adət-ənənələri, xalq sənəti, milli geyimləri və sənətkarlıq nümunələri haqqında məlumat əldə edə biliblər.

Xüsusilə maraq doğuran məqam milli mədəniyyətin simvolu olan və UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın məşhur kəlağayılarının eksponatı olub. Ekspozisiyada Azərbaycan xalqının zəngin adət-ənənələrini əks etdirən müxtəlif rəng və naxışlı kəlağayılar nümayiş etdirilib.