ABŞ-ın Information Technology and Innovation Foundation (ITIF) təşkilatının yeni hesabatına görə, Çin dövlətin fəal dəstəyi sayəsində kommersiya kosmik sektorunu sürətlə inkişaf etdirərək ABŞ-la texnoloji fərqi əhəmiyyətli dərəcədə azaldıb.
Hesabatda bildirilir ki, Çin kosmik sənayesinin sürətli inkişafı qlobal kosmik sənayedə qüvvələr balansını dəyişə bilər. Müəlliflərin fikrincə, ABŞ operativ və qəti addımlar atmasa, dünya kosmik iqtisadiyyatında lider mövqeyini itirmək riski ilə üzləşəcək.
Xəbərdarlıq sənaye analitiklərinin yaxın on ildə qlobal kosmik iqtisadiyyatın həcminin 1 trilyon dolları ötəcəyinə dair proqnozları fonunda səslənib ki, bu da kosmos uğrunda rəqabətin strateji və iqtisadi əhəmiyyətinin getdikcə artdığını göstərir.
ITIF-in kosmik siyasət üzrə analitiki və hesabatın müəllifi Ellis Şerer bildirib ki, Çin kosmik sənayesi son illərdə dövlət korporasiyalarının nəzarətində olan ləng sektordan yüksək rəqabətqabiliyyətli və getdikcə daha innovativ kommersiya ekosisteminə çevrilib.
Hesabatda vurğulanır ki, Çin hazırda kosmik bazarın həcminə görə yalnız ABŞ-dan geri qalır və həm kommersiya, həm də strateji kosmik yarışın əsas iştirakçılarından birinə çevrilməkdədir. Qeyd olunur ki, bir çox kommersiya kosmik texnologiyaları həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilir. Silahlı qüvvələr peyk naviqasiyası və koordinasiya sistemləri, Yerin məsafədən müşahidəsi, aşağı Yer orbitində genişzolaqlı rabitə şəbəkələri, eləcə də peykəleyhinə silah sistemlərindən getdikcə daha geniş istifadə edirlər.
Araşdırma göstərib ki, ABŞ aşağı Yer orbitində genişzolaqlı peyk rabitəsi sahəsində hələ də üstünlüyünü qoruyur. Bu üstünlük əsasən SpaceX şirkətinin Starlink və Amazon şirkətinin Project Kuiper layihələri hesabına təmin olunur və onlar Çinin Qianfan və Guowang peyk qruplaşmalarını qabaqlayırlar.
Bununla yanaşı, hesabatda qeyd edilir ki, Çin kosmik buraxılışların tempi və tam sınaqdan keçmiş təkrar istifadə olunan raketlərin olmaması kimi problemlərlə üzləşsə də, peyk naviqasiyası, mövqeləndirmə və zaman sinxronizasiyası xidmətləri sahəsində lider mövqeyə yüksəlib. Bu uğurda Çinin BeiDou qlobal peyk naviqasiya sisteminin genişlənməsi həlledici rol oynayıb.
Müəlliflər bildirirlər ki, Çin peyk qruplaşmasının genişlənməsi, əhatə dairəsinin böyüməsi və beynəlxalq istifadəsinin artması Pekinə naviqasiya xidmətləri sahəsində Vaşinqtonu geridə qoymağa imkan verib. Bundan əlavə, Çin Yerin məsafədən müşahidəsi və peyk təsvirləri sahəsində də dünya lideri hesab olunur. Buna Gaofen seriyalı dövlət peykləri və Jilin-1 kimi kommersiya peyk qruplaşmaları sayəsində dünyanın ən iri peyk müşahidə ekosistemlərindən birinin yaradılması imkan verib.
Eyni zamanda, orbital stansiyalar sahəsində iki ölkə arasındakı fərqin xeyli az olduğu vurğulanır. ABŞ Beynəlxalq Kosmik Stansiyanın (BKS) uzunmüddətli istismar təcrübəsinə malik olsa da, Çin qısa müddətdə özünün "Tyanqun" orbital stansiyasını inkişaf etdirərək bu sahədə imkanlarını ABŞ səviyyəsinə yaxınlaşdırıb.
Hesabatda həmçinin bildirilir ki, Çin kosmosda qarşıdurma vasitələri sahəsində də lider mövqedədir. Müəlliflərin fikrincə, buna peykəleyhinə texnologiyalara ardıcıl yatırımlar hesabına nail olunub. Bu texnologiyalar sırasına kinetik tutma sistemləri, radioelektron mübarizə kompleksləri və peykləri sıradan çıxarmaq və ya fəaliyyətini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş yönəldilmiş enerji silahları daxildir.
MONETAR.AZ