ABŞ-da süni intellekt (Sİ) texnologiyalarının ixracına tətbiq edilən yeni dövlət məhdudiyyətləri Avropa İttifaqını (Aİ) hərəkətə keçməyə məcbur edir. "Bloomberg News" agentliyinin məlumatına görə, Avstriya hökuməti ABŞ-ın "Anthropic PBC" şirkətinin ən qabaqcıl Sİ modellərinə xarici istifadəçilərin çıxışını məhdudlaşdırmasından sonra rəsmi Brüsseli bu texnologiya nəhəngini Avropaya cəlb etməyə çağırıb.
Bu məhdudiyyət Avropanın elmi və korporativ dairələrində ciddi narahatlıq yaradıb. Avstriya tərəfi hesab edir ki, yaranmış vəziyyət blokun rəqəmsal suverenliyini qorumaq üçün həm də unikal bir imkandır.
Avstriyanın rəqəmsallaşma üzrə dövlət katibi Aleksandr Pröll məsələ ilə bağlı birbaşa Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunenə rəsmi məktub ünvanlayıb. Məktubda Anthropic şirkətinin blok daxilinə inteqrasiyası üçün dörd əsas şərtin müzakirə edilməsi təklif olunur.
Anthropic şirkəti Sİ dünyasında xüsusilə təhlükəsizlik və etika prinsiplərinə önəm verməsi ilə tanınır ki, bu da Avropa İttifaqının tənzimləmə fəlsəfəsinə tam uyğundur. Lakin layihənin reallaşması asan olmayacaq.
Hər nə qədər Avstriya bu addımı dəstəkləsə də, Anthropic-in Avropada hansı hüquqi statusda (məsələn, birgə müəssisə yoxsa data mərkəzləri şəbəkəsi) fəaliyyət göstərəcəyi qeyri-müəyyəndir. Bundan əlavə, ABŞ-ın strateji texnologiyanın blokdan kənara çıxmasına tamamilə qadağa qoyma riski də var ki, bu da Brüssellə Vaşinqton arasında ciddi rəqəmsal ticarət müharibəsinə səbəb ola bilər.
MONETAR.AZ