2026-cı ilin ən bahalı telefonları: 48,5 milyon dollarlıq smartfon

2026-cı ilin ən bahalı telefonları:

Lüks texnologiya və zərgərlik sənayesinin qovşağında yaradılan eksklüziv telefonlar 2026-cı ildə də dünyanın ən bahalı şəxsi əşyaları sırasında yer alır. Mütəxəssislərin qiymətləndirməsinə görə, bəzi smartfonların dəyəri on milyonlarla ABŞ dollarına çatır.

Reytinqə “Falcon Supernova iPhone 6 Pink Diamond” modeli başçılıq edir. Qiyməti 48,5 milyon dollar olan bu cihaz dünyanın ən bahalı smartfonu hesab olunur. Modelin əsas xüsusiyyəti arxa panelində yerləşdirilmiş 18,5 karatlıq nadir çəhrayı almazdır. Smartfonun korpusu platin və 18 karatlıq qızıldan hazırlanıb.

İkinci yerdə 42,5 milyon dollar dəyərində qiymətləndirilən “Falcon Supernova iPhone 6 Orange Diamond”, üçüncü yerdə isə 32,5 milyon dollarlıq “Falcon Supernova iPhone 6 Blue Diamond” qərarlaşıb. Hər iki model nadir rəngli almazlarla bəzədilib və məhdud sayda istehsal olunub.

Dördüncü sırada britaniyalı zərgər Stüart Hyuz tərəfindən hazırlanan “iPhone 5 Black Diamond” yer alıb. Qiyməti 15,3 milyon dollar olan smartfonun əsas elementi 26 karatlıq qara almazdır. Model xüsusi sifariş əsasında hazırlanıb və yalnız bir nüsxədə mövcuddur.

İlk beşliyi 9,4 milyon dollar dəyərində olan “iPhone 4S Elite Gold” tamamlayır. Cəmi iki nüsxədə istehsal edilən bu model qızıl korpus və yüzlərlə almazla bəzədilib.

Siyahıda həmçinin 8 milyon dollarlıq “iPhone 4 Diamond Rose”, 3,2 milyon dollarlıq “Goldstriker iPhone 3GS Supreme”, 2,5 milyon dollarlıq “iPhone 3G King’s Button”, 1,3 milyon dollarlıq “Diamond Crypto” və 1 milyon dollarlıq “The Goldvish Le Million” modelləri yer alıb.

Ekspertlər bildirirlər ki, bu telefonların yüksək qiyməti texniki göstəricilərdən daha çox istifadə olunan qiymətli metalların, nadir almazların və əl işinin dəyəri ilə bağlıdır. Bir çox hallarda cihazlar artıq texnoloji baxımdan köhnəlmiş hesab olunsa da, kolleksiya əşyası və zərgərlik sənəti nümunəsi kimi milyonlarla dollar dəyərində qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, ultra-varlı şəxslər üçün belə cihazlar rabitə vasitəsindən çox status simvolu və eksklüziv investisiya obyekti hesab olunur.

MONETAR.AZ