Mart ayı Azərbaycan işçisi üçün illər boyu ziddiyyətli ay sayılıb. Bir tərəfdən uzun Novruz tətili sevindirir, digər tərəfdən isə bu ayda məzuniyyətə çıxmağın maaşa mənfi təsir göstərəcəyi düşünülürdü. Lakin qanunvericiliyə edilən dəyişikliklər və hesablanma mexanizminin dəqiqləşdirilməsi bu yanaşmanı əhəmiyyətli dərəcədə dəyişib.
Əvvəllər mart ayında iş günlərinin sayının az olması (bayramlarla əlaqədar) belə bir vəziyyət yaradırdı: işçi məzuniyyətə çıxdıqda aldığı məzuniyyət pulu və işlədiyi günlərə görə hesablanan əməkhaqqının cəmi bəzən aylıq sabit maaşdan aşağı olurdu.
Bayram günləri məzuniyyət müddətinə daxil edilmirdi, yəni istirahət uzanırdı. Ancaq ödəniş təqvim günlərinə əsasən aparıldığı üçün ayın sonunda alınan məbləğ azala bilirdi. Bu da mart ayında məzuniyyətə çıxmağı “sərfəsiz” göstərirdi.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklər və metodoloji izahlar məzuniyyət haqqının hesablanmasını vahid prinsipə bağladı.
Artıq məzuniyyət haqqı son 12 ay üzrə orta aylıq əməkhaqqı əsasında hesablanır. Cəmi gəlir 12-yə bölünür, daha sonra alınan məbləğ sabit 30.4-ə – ilin aylarındakı orta təqvim günlərinin sayına bölünür.
Bu isə o deməkdir ki, ayda neçə iş günü olmasından asılı olmayaraq, bir günlük məzuniyyət haqqı dəyişmir. Martda da, iyulda da hesablanma eyni qaydada aparılır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, məzuniyyət dövrünə düşən bayram günləri məzuniyyət müddətinə əlavə olunur, lakin həmin günlər üçün ayrıca ödəniş edilmir.
Bu isə praktikada belə nəticə verir: məsələn, işçi martın 20-dən 5 günlük məzuniyyət götürərsə və bu müddətə Novruz bayramı günləri düşərsə, həmin bayram günləri məzuniyyət günlərindən “çıxılmır”, əksinə istirahət müddətini uzadır. İşçi 5 günün pulunu alır, lakin faktiki olaraq daha uzun müddət istirahət edir.
Əsas fərq ondadır ki, artıq iş günlərinin az olması səbəbindən məzuniyyət haqqının süni şəkildə azalması halları aradan qalxıb.
Yeni hesablanma mexanizmi mart ayında məzuniyyətə çıxmağı əvvəlki kimi riskli etmir. “30.4” prinsipi sayəsində gündəlik məzuniyyət haqqı sabitləşib və bayram günləri işçinin istirahət müddətini uzatmaq imkanı yaradır.
MONETAR.AZ