“EconomyRanked” platforması turizmin ÜDM-də payına görə ölkələrin reytinqini təqdim edib. Araşdırma beynəlxalq turizm gəlirləri üzrə BMT-nin Turizm Təşkilatının (UN Tourism) və ümumi daxili məhsul göstəriciləri üzrə Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatları əsasında hazırlanıb.
Məlumata görə, turizm 2025-ci ildə qlobal ÜDM-ə 11,7 trilyon dollar töhfə verəcək ki, bu da dünya iqtisadiyyatının təxminən 10 faizinə bərabərdir. Lakin turizmdən asılılıq səviyyəsi ölkələr üzrə kəskin fərqlənir.
Reytinqə əsasən, siyahıya Makao başçılıq edir. Burada beynəlxalq turizm gəlirləri 32,4 milyard dollar olmaqla, 45,8 milyard dollarlıq iqtisadiyyatın 70,8 faizini təşkil edir.
Sonrakı yerlərdə Aruba (69,7 faiz), Maldiv adaları (68,1 faiz) və Andorra (66,5 faiz) qərarlaşıb. Sent-Lüsiya isə 53,8 faiz göstərici ilə beşinci yerdədir.
İlk onluqda yer alan ölkələrin əksəriyyəti kiçik ada dövlətləridir. Məhdud daxili bazar və iri sənaye sektorunun olmaması bu ölkələrdə turizmi əsas gəlir və məşğulluq mənbəyinə çevirir.
Böyük və şaxələndirilmiş iqtisadiyyata malik ölkələrdə isə turizmin ÜDM-də payı xeyli aşağıdır. Məsələn, ABŞ reytinqdə 151-ci yerdə qərarlaşıb. Ölkədə turizm gəlirləri 251,6 milyard dollar təşkil etsə də, bu, ÜDM-in cəmi 0,86 faizinə bərabərdir.
Turizmdən ən az asılı ölkə isə Papua Yeni Qvineyadır. Burada turizmin iqtisadiyyatda payı cəmi 0,01 faizdir. Qvineya və Anqola da müvafiq olaraq 0,02 faiz göstərici ilə siyahının son sıralarında yer alıb.
Araşdırmada qeyd olunur ki, ümumilikdə 47 ölkədə turizmin ÜDM-də payı 1 faizdən aşağıdır.
Ekspertlər bildirirlər ki, turizmdən yüksək asılılıq iqtisadi artım üçün imkanlar yaratsa da, qlobal şoklara qarşı həssaslığı artırır. Məsələn, pandemiya dövründə Arubanın real ÜDM-i 24 faiz azalmışdı. Sonradan iqtisadiyyat bərpa olunsa da, bu hal turizm yönümlü ölkələrin risklərini açıq şəkildə göstərdi.
MONETAR.AZ