2026-cı ilin yanvar-fevral aylarının nəticələrinə görə, Azərbaycanın meyvə-tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 32,5% artıb. Lakin ixracın fiziki həcmindəki artımın cəmi 4,9% təşkil etməsi kənd təsərrüfatı məhsullarının xarici bazarlarda kəskin bahalaşdığını və ya ixrac portfelinin strukturunda ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Cari ilin ilk iki ayında 144,4 milyon dollar dəyərində 105,3 min ton məhsul ixrac edilib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə 100,4 min ton məhsuldan 109 milyon dollar gəlir əldə edilmişdi. Bu o deməkdir ki, ixrac edilən məhsulun hər tonunun orta ixrac qiyməti 1085 dollardan 1371 dollara yüksəlib (26,3% artım).
Meyvə-tərəvəz sektoru qeyri-neft ixracında strateji əhəmiyyətini qoruyur. Belə ki, bu sahənin qeyri-neft ixracındakı payı 29,86 % təşkil edir. Bu, qeyri-neft sektorundan daxil olan hər 3 dollardan təxminən 1 dollarının məhz aqrar sahənin payına düşdüyünü göstərir.
Cəmi 3 məhsul -fındıq, xurma və pomidor - ümumi meyvə-tərəvəz ixracının 79,7 %-ni (115,1 mln. dollar) təşkil edir. Bu, aqrar ixracın şaxələndirilməsi səviyyəsinin hələ də aşağı olduğundan xəbər verir. Həmin məhsullardan birinin (məsələn, pomidorun) ixracında yaşanacaq hər hansı loqistik və ya sanitar maneə ümumi qeyri-neft gəlirlərinə ciddi zərbə vura bilər.
İki ay ərzində cəmi 189 min dollarlıq kartof ixracı bu sub-sektorda ciddi durğunluq olduğunu göstərir. Kartof ixracının minimal səviyyədə olması həm də daxili bazarda qiymətlərin yüksək olması və daxili tələbatın yerli istehsalla tam ödənilməməsi (idxal ehtiyacı) ilə bağlı ola bilər.
Dəyər artımının (32,5%) fiziki artımı (4,9%) 6 dəfədən çox üstələməsi məhsuldarlığın artmasından deyil, dünya bazarlarında ərzaq inflyasiyasından və ya logistika xərclərinin artmasından xəbər verir. Bu isə dayanıqlı artım deyil; xarici bazarda qiymətlər stabilləşən kimi Azərbaycanın ixrac gəlirləri də kəskin azala bilər.
MONETAR.AZ