Heyvandarlıq ekstensiv modeldən intensiv modelə keçir

Heyvandarlıq ekstensiv modeldən

Azərbaycanın kənd təsərrüfatı sektoru növbəti 5 il üçün yeni strateji inkişaf xəritəsinə keçid edir.  “2026–2030-cu illər üçün Dövlət Proqramı” heyvandarlıqda ekstensiv inkişaf modelinin tədricən intensiv istehsal modeli ilə əvəz olunmasını nəzərdə tutur. Proqramın əsas məqsədi məhsuldarlığın artırılması, özünütəminetmə səviyyəsinin yüksəldilməsi və kənd təsərrüfatında dəyər zəncirinin tam formalaşdırılmasıdır. Dövlət proqramına əsasən, 2030-cu ilədək bir sıra əsas göstəricilərdə əhəmiyyətli artımlar planlaşdırılır. Mal əti istehsalının 20 faizdən çox artırılması, süd istehsalının isə təxminən 10 faiz yüksəldilməsi əsas prioritetlərdəndir.

Eyni zamanda, cins heyvanların sürülərdəki payının azı 4 dəfə artırılması hədəflənir ki, bu da məhsuldarlığın birbaşa yüksəldilməsi üçün əsas faktor kimi qiymətləndirilir. Proqram çərçivəsində süd üzrə özünütəminetmə səviyyəsinin ən az 10 faiz artırılması, mal əti üzrə isə əlavə artımın təmin olunması nəzərdə tutulur.

Dövlət proqramı yalnız istehsal həcmlərinin artırılmasını deyil, həm də kənd təsərrüfatı infrastrukturunun yenilənməsini hədəfləyir. Bu çərçivədə təxminən 1000 yeni heyvandarlıq təsərrüfatının yaradılması planlaşdırılır. Bundan əlavə, regional səviyyədə 90 süd toplama məntəqəsi və 15 dəri toplama məntəqəsinin qurulması nəzərdə tutulur. Bu mexanizmlər kiçik və orta fermerlərin məhsullarını birbaşa emal və satış zəncirinə daxil etməsini asanlaşdıracaq.

Proqramın mühüm istiqamətlərindən biri heyvandarlıqda tam rəqəmsal uçot sisteminin tətbiqidir. İribuynuzlu heyvanların identifikasiyası (çiplənmə və ya sırğalanma) vasitəsilə hər bir heyvanın izlənməsi mümkün olacaq. Bu sistem həm xəstəliklərin idarə olunması, həm də dövlət subsidiyalarının daha ünvanlı və şəffaf şəkildə bölüşdürülməsi üçün əsas alət kimi çıxış edəcək.

Nazirlik tərəfindən vurğulanan əsas məsələlərdən biri yem təminatının gücləndirilməsidir. Proqramda qeyd olunur ki, heyvandarlıq məhsuldarlığının artırılması üçün yem bazasının genişləndirilməsi və texnoloji yeniliklərin tətbiqi həlledici rol oynayır. Dövlət dəstəyi mexanizmlərində də dəyişikliklər nəzərdə tutulur. Fermerlər həm damazlıq heyvanların alınmasına görə, həm də istehsal etdikləri ət və süd həcminə uyğun olaraq subsidiyalarla təmin ediləcəklər.

Proqramın əsas fəlsəfəsi yalnız istehsal artımı deyil, tam inteqrasiya olunmuş dəyər zəncirinin yaradılmasıdır. Bu yanaşma yem istehsalından tutmuş emal və satışa qədər bütün mərhələləri əhatə edir. Uğurlu icra olunduğu halda, proqramın kənd təsərrüfatında idxaldan asılılığın azalmasına, kənd yerlərində məşğulluğun artmasına və aqrar sektorda rəqəmsal idarəetmənin genişlənməsinə töhfə verəcəyi gözlənilir.

MONETAR.AZ