Azərbaycanda quş əti istehsalının artırılması və bu məhsul üzrə özünütəminetmə səviyyəsinin 100 faizə çatdırılması planlaşdırılır. Bu məqsədlə yeni quşçuluq təsərrüfatlarının yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi və sektora dövlət dəstəyinin genişləndirilməsi nəzərdə tutulur.
Bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunmuş ictimai dinləmədə məlumat verib.
Onun sözlərinə görə, dövlət proqramı çərçivəsində quşçuluq sektorunda istehsal həcmlərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Belə ki, 2025-ci ildə 147 min ton olan quş əti istehsalının 2030-cu ilədək 30 faiz artırılması planlaşdırılır. Eyni zamanda yumurta istehsalının da mövcud 2 milyard 343 milyon ədəddən 27 faiz yüksəldilməsi hədəflənir.
Rəşad Hüseynov bildirib ki, proqramın əsas məqsədlərindən biri hazırda 82 faiz səviyyəsində olan quş əti üzrə özünütəminetmə göstəricisini 100 faizə çatdırmaqdır. Bu, ölkənin quş əti idxalından asılılığının minimuma endirilməsi və daxili bazarın yerli istehsal hesabına tam təmin olunması deməkdir.
Bu məqsədlə yumurta və toyuq əti istehsalı istiqamətində yeni təsərrüfatların yaradılması, eyni zamanda fəaliyyət göstərən müəssisələrin texnoloji baxımdan yenilənməsi dəstəklənəcək. Dövlət tərəfindən yeni yaradılacaq və ya modernləşdiriləcək təsərrüfatlarda istifadə olunan avadanlıqların dəyərinin 40 faizinə qədər hissəsinin güzəştli şərtlərlə maliyyələşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, investisiya və biznes kreditləri üzrə faizlərin 40-50 faizinin subsidiyalaşdırılması planlaşdırılır.
Dövlət proqramı çərçivəsində müasir kəsimxanaların yaradılması, yumurta istehsalında dərin emal müəssisələrinin qurulması və damazlıq bazasının gücləndirilməsi istiqamətində də dəstək tədbirləri həyata keçiriləcək.
Mərkəz direktoru əlavə edib ki, quşçuluq təsərrüfatlarının elektrik və qaz şəbəkələrinə qoşulması ilə bağlı xərclərin subsidiyalaşdırılması, eləcə də torpaq təyinatı və ayrılması sahəsində mövcud problemlərin həlli üçün yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.
Ekspertlərin fikrincə, nəzərdə tutulan dəstək tədbirləri reallaşdırılarsa, Azərbaycanda quşçuluq sektorunun istehsal potensialı əhəmiyyətli dərəcədə artacaq, ərzaq təhlükəsizliyi güclənəcək və idxaldan asılılıq azalacaq. Bununla yanaşı, sektora yönələn investisiyaların həcminin artması regionlarda yeni iş yerlərinin yaradılmasına və kənd təsərrüfatında əlavə dəyərin yüksəlməsinə də töhfə verə bilər.
MONETAR.AZ