Astana iqtisadi sıçrayış yaratmayacaq maaş artımına hazırlaşır

Astana iqtisadi sıçrayış yaratmayacaq

Qazaxıstan hökuməti 2027-ci ildən etibarən ölkədə minimum əməkhaqqının artırılacağını rəsmən bəyan edib. İqtisadiyyat nazirinin birinci müavini Azamat Amrin bugün keçirilən brifinqdə bildirib ki, artımın dəqiq həddi cari ilin avqust ayının 1-dən sonra formalaşacaq. Paralel olaraq, dövlət qulluqçularının və digər işçi kateqoriyalarının da maaşlarının yüksəldilməsi imkanları hökumətin masasındadır.

Qazaxıstanda cari il üçün minimum əməkhaqqı dəyişdirilmədən saxlanılıb və hazırda 85 min tengə (təxminən 174 ABŞ dolları) təşkil edir. Hökumət növbəti il üçün artım qərarını təsdiqləyir. Yeni rəqəmlərin formalaşması və büdcə imkanlarının dəqiqləşdirilməsi üçün avqustun 1-i əsas marker rolunu oynayacaq. Milli Bank inflyasiya və ya kəskin istehlak tələbi riski görmür. Minimum əməkhaqqı 100-120 min tengəyə çatsa belə, bu, ölkədəki real iqtisadi dinamikanı dəyişməyəcək.

Qazaxıstanın bu addımı bütövlükdə makroiqtisadi dönüş yaratmaqdan daha çox, sosial balansın qorunmasına yönəlmiş texniki tənzimləmə xarakteri daşıyır. Milli Bankın rahat mövqeyi də onu göstərir ki, Astana gəlirlərin leqallaşdırılması və aşağı gəlirli təbəqənin minimum ehtiyaclarının indeksasiyası modelini seçib, çünki ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi artıq bu minimum limitlərdən çox irəlidə formalaşır.

MONETAR.AZ