Aqrar sektorda intensiv inkişafa start verilir

Aqrar sektorda intensiv

Azərbaycanın qeyri-neft iqtisadiyyatının daxili drayverləri yenidən formalaşdırılır. Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən son ictimai dinləmələr ölkənin kənd təsərrüfatı xəritəsini yaxın beş il üçün yenidən cızan mühüm bir sənədi gündəmə gətirib. Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramından irəli gələn vəzifələr birmənalı olaraq göstərir ki, dövlətin aqrar siyasəti təkcə əkin sahələrinin sadəcə genişləndirilməsini nəzərdə tutan ekstensiv modeldən tamamilə intensiv modelə keçid edir. Bu yeni dövrdə müasir texnologiyalar hesabına məhsuldarlığın artırılması əsas prioritet olacaq. Aqrar Tədqiqatlar Mərkəzinin rəhbərliyi tərəfindən açıqlanan strateji hədəflərin əsas sütunlarını isə iki mühüm istiqamət – ərzaq təhlükəsizliyinin qarantı olan buğda istehsalı və ixrac potensialının əsası hesab edilən pambıqçılıq klasteri təşkil edir.

Buğdada özünütəminetmə 66 %-ə çatdırılacaq

Qlobal iqlim dəyişikliyi və regional logistik risklərin artdığı müasir dövrdə daxili ərzaqlıq buğda təminatı artıq sadəcə iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilib. Dövlət Proqramı bu istiqamətdə idxaldan asılılığı minimuma endirmək məqsədilə olduqca iddialı və iqtisadi cəhətdən əsaslandırılmış hədəflər müəyyənləşdirib. Strategiyaya əsasən, 2025-ci ildə reallaşan 1 milyon 610 min tonluq buğda istehsalının 2030-cu ilə qədər 20% artırılaraq 1 milyon 932 min tona çatdırılması planlaşdırılır.

Bu nəhəng artımın əsas drayveri yeni torpaqların əkin dövriyyəsinə buraxılması deyil, ixtisaslaşmış rayonlarda məhsuldarlığın hər hektardan hazırkı 40,3 sentnerdən təxminən 50 sentnerə yüksəldilməsi olacaq. Texnoloji effektivlik hesabına baş verəcək bu sıçrayış nəticəsində Azərbaycanın buğda üzrə özünütəminetmə səviyyəsi 55,4%-dən 66%-ə yüksələcək və daxili bazar xarici qiymət şoklarından etibarlı şəkildə qorunacaq.

Bu məqsədlə yeni əkin sahələrində müasir pivot və damlama suvarma sistemlərinin quraşdırılması təşviq ediləcək, həmçinin kombayn və lazer mala alışının subsidiyalaşdırılması mexanizmi vasitəsilə torpaqların hamarlanması və su itkisinin qarşısının alınması təmin olunacaq. Lazer hamarlama texnologiyalarının geniş tətbiqi və aqrotexniki qulluq işlərinə nəzarətin gücləndirilməsi hər hektardan götürülən xalis gəlirliliyi artıracaq.

Pambıqçılıqda xammal ixracından emala

Hökumətin pambıqçılıq sektorundakı yeni strateji xətti də təkcə sahələrdən tonaj toplamaq deyil, xammalı ölkə daxilində yüksek əlavə dəyər yaradan sənaye məhsuluna çevirməkdən ibarətdir. Azərbaycan pambığının sadəcə mahlıç şəklində ixrac edilməsi praktikası tədricən məhdudlaşdırılacaq və daxildə iplik, tekstil və hazır geyim istehsalını əhatə edən şaquli inteqrasiya olunmuş klaster qurulacaq. Proqrama görə, 2025-ci ildəki 363 min tonluq pambıq istehsalı 2030-cu ilə qədər 17% artırılaraq təxminən 424,7 min tona çatdırılmalıdır. Bu sahədə də intensiv inkişaf ön plana çəkilərək hektardan orta məhsuldarlığın 36,1 sentnerdən 50 sentnerə yüksəldilməsi hədəflənir.

Strategiyanın ən fundamental sənaye dönüşü isə emal güclərinin artırılması ilə bağlıdır. Belə ki, hazırla ölkədə cəmi 26 min ton pambıq daxili emala (iplik və parça istehsalı) yönəldildiyi halda, növbəti beş ildə bu göstərici 4 dəfə artırılaraq 104 min tona çatdırılacaq. Bu böyük sənaye həcmini tam emal etmək məqsədilə ölkədə iki yeni müasir emal müəssisəsi fəaliyyətə başlayacaq və bu zavodların inkişafı üçün dövlət tərəfindən sahibkarlara güzəştli kredit alətləri təklif olunacaq. Müasir suvarma sistemləri və yüksək məhsuldar toxum növlərinin istifadəsi bu sənaye zəncirinin kəsintisiz xammal tədarükünü sığortalayacaq.

Yeni proqram iqtisadiyyata nə vəd edir?

2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı kağız üzərindəki rəqəmlərdən daha çox, Azərbaycanın aqrar-sənaye kompleksində baş verəcək dərin struktur islahatlarının göstəricisidir. Bu strateji proqramın uğurla icra edilməsi real sektora və makroiqtisadi sabitliyə bir neçə mühüm istiqamətdə birbaşa dividendlər qazandıracaq. İlk növbədə, buğda idxalının azalması ölkədən valyuta axınının qarşısını alacaq, pambığın hazır tekstil məhsulu kimi ixracı isə xarici ticarət balansının müsbət saldosunu əhəmiyyətli dərəcədə gücləndirəcək.

Digər tərəfdən, dövlət subsidiyalarının sadəcə əkilən sahəyə görə deyil, tətbiq olunan innovativ texnologiyalara görə verilməsi büdcə vəsaitlərinin səmərəliliyini artıracaq. Texnoloji yenilənmə kənd təsərrüfatında riskləri idarəolunan səviyyəyə endirəcək və sahənin investisiya cəlbediciliyini yüksəldəcək.

Ən nəhayət, regionlarda fəaliyyətə başlayacaq yeni emal müəssisələri mövsümi kənd təsərrüfatı əməyini daimi və yüksək ixtisaslı sənaye məşğulluğu ilə əvəzləyərək bölgələrin sosial-eceomik simasını tamamilə dəyişəcək. Növbəti beşillik Azərbaycanda aqrar sektorun təkcə iqtisadi çəkisini deyil, həm də rəqəmsal və yaşıl aqrotexnologiyaların real tətbiqi sayəsində onun müasir sənaye simasını formalaşdıracaq.

MONETAR.AZ