Çinin avtomobil nəhəngi "Zhejiang Geely Holding Group" korporativ tarixində ən böyük optimallaşdırma və idarəetmə islahatlarından birinə start verir. Holdinqin İdarə Heyətinin sədri Li Shufu bugün keçirilən sənaye forumunda bəyan edib ki, qrup bütün əməliyyat resurslarını və idarəetmə mexanizmlərini səhmləri Honq Konq birjasında dövriyyədə olan əsas korporativ platforması — Geely Automobile Holdings üzərində cəmləşdirəcək.
"Vahid Geely" ("One Geely") adlanan bu yeni qlobal strategiya, holdinq daxilindəki çoxşaxəli və pərakəndə strukturları vahid mərkəzdən idarə etmək məqsədi daşıyır.
Li Shufunun bu açıqlamaları qlobal avtomobil sənayesində rəqabətin elektrikli və intellektual nəqliyyat vasitələri (EV) üzərindən kəskinləşdiyi bir dövrə təsadüf edir. Geely-nin Honq Konq birjasındakı əsas şirkətini gücləndirməsi, gələcək irimiqyaslı investisiyalar və qlobal birləşmələr (M&A) üçün daha güclü maliyyə bazası yaratmaq istəyindən xəbər verir. Şirkətin bəsit istehsal modellərindən qaçaraq yüksək mühəndislik standartlarına vurğu etməsi isə xüsusilə "Volvo" qabaqcıl təhlükəsizlik texnologiyalarının qrup daxilində daha dərindən inteqrasiya olunacağını göstərir.
"Vahid Geely" formulu, Çin mənşəli transmilli korporasiyanın çoxbrendli strukturların yaratdığı daxili rəqabəti və xərc artımını cilovlamaq üçün atdığı ən ciddi institusional addımdır.
MONETAR.AZ