Türkiyə və Bolqarıstan 2025–2029-cu illər üzrə Avropada elektron ticarətin inkişaf tempinə görə lider ölkələr sırasında yer alacaq.
Proqnozlara görə, Türkiyədə onlayn ticarət bazarının illik orta artım tempi (CAGR) 12,9 faiz, Bolqarıstanda isə 12,5 faiz təşkil edəcək.
Araşdırma göstərir ki, Şərqi və Cənub-Şərqi Avropa elektron ticarətin əsas inkişaf mərkəzlərindən birinə çevrilir. Bu regionda Bosniya və Herseqovina, Moldova, Polşa, Bolqarıstan və Türkiyə kimi bazarlar böyük artım potensialı nümayiş etdirir.
Onlayn alış-verişə marağın artması, elektron ticarət platformalarının genişlənməsi, logistika imkanlarının yaxşılaşması və rəqəmsal ödəniş sistemlərinin inkişafı bu sahədə böyüməni sürətləndirən əsas amillər hesab olunur.
Türkiyədə Trendyol və Hepsiburada, Bolqarıstanda və regionda isə eMAG və Temu kimi platformalar istehlakçıların onlayn alış-verişə keçidində mühüm rol oynayır.
Ekspertlər qeyd edir ki, Türkiyənin böyük əhalisi, dinamik pərakəndə satış sektoru və güclü yerli marketplace ekosistemi ölkəni regionun əsas elektron ticarət bazarlarından birinə çevirir.
Bolqarıstan isə daha kiçik bazara malik olmasına baxmayaraq, rəqəmsal ticarətin aşağı başlanğıc səviyyədən sürətlə genişlənməsi hesabına yüksək artım tempi göstərir.