Yaxın Şərqdə son onilliklərin ən ağır qlobal enerji böhranına yol açan Hörmüz blokadasının ardınca Vaşinqton və Tehran arasında diplomatik buzlar əriyir. "Financial Times"ın yaydığı məlumata görə, Donald Tramp administrasiyası İranın Qətər banklarında dondurulmuş 6 milyard dollarlıq neft gəlirlərindən mərhələli şəkildə istifadəsinə icazə verməyə hazırlaşır.
Lakin Ağ Ev bu vəsaitlərin istifadəsinə "Amerika Birinci" (America First) doktrinasına uyğun olaraq çox sərt sanksiya və ticarət məhdudiyyəti tətbiq edib: Tehran bu pulla yalnız humanitar təyinatlı və ABŞ istehsalı olan (xüsusilə kənd təsərrüfatı və tibb) məhsulları idxal edə biləcək.
İyunun 17-də əldə olunmuş qarşılıqlı anlaşma memorandumu çərçivəsində tərəflər arasında müvəqqəti sabitlik dövrü başlayır. Proses tamamilə regional təhlükəsizlik şərtlərinə bağlanıb:
-
Mərhələli Azadmetmə: 6 milyard dollar bütöv şəkildə deyil, sazişdə nəzərdə tutulan 60 günlük atəşkəs dövründə hissə-hissə açılacaq.
-
Hörmüz Şərti: Maliyyə stimullarının davamlılığı birbaşa qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazının tamamilə açıq qalmasından asılıdır.
-
Nüvə Güzəşti və MAQATE: Tehran dondurulmuş vəsaitlərin tam açılması və sanksiyaların ləğvi üçün əlindəki 9 min kiloqramdan çox zənginləşdirilmiş uran ehtiyatını (bunun 440 kiloqramı silah səviyyəsinə yaxındır) MAQATE nəzarəti altında seyrəltməli və ya təhvil verməlidir.
-
Sanksiyalardan Müvəqqəti Azadolma: 60 günlük keçid dövründə ABŞ İranın neft ixracına qoyulan bəzi qadağaları müvəqqəti dondurur və dəniz blokadasını ləğv edir. İran tərəfi isə bu müddətdə digər ölkələrdə (Hindistan, İraq, Çin, Yaponiya) qalan vəsaitləri də daxil olmaqla ümumilikdə 12 milyard dolları xilas etməyi hədəfləyir.
"Bu onların puludur və biz onu saxlayırıq. Əgər həmin vəsaiti qaytarmasaq, gələcəkdə heç kim dollara investisiya etməyəcək. Amma biz Baydenin uğursuz razılaşmasını dəyişdirərək pulun yalnız Amerika məhsullarına yönəldilməsini təmin etdik. Beləliklə, İran pulu Amerika fermerlərini dəstəkləyir."
Birincisi, Donald Trampın "əgər bu vəsaiti qaytarmasaq, heç kim dollara investisiya etməyəcək" etirafı çox mühüm makroiqtisadi siqnaldır. ABŞ-ın sanksiyaları son illərdə BRICS+ və digər inkişaf etməkdə olan ölkələri de-dollarizasiya (dedollarization) prosesinə sövq edib. Tramp başa düşür ki, dondurulmuş aktivlərin əbədi olaraq sistemdən təcrid edilməsi qlobal investorların ABŞ dollarına (US Treasury bonds) olan etimadını sarsıdır. Lakin pulların yalnız ABŞ mallarının (xüsusilə daxili seçkilərdə əsas səs bazası olan fermerlərin aqrar məhsullarının) alınmasına icazə verilməsi maliyyə sankiyasını birbaşa ABŞ-ın daxili ticarət subsidiyasına (trade subsidy) çevirmək deməkdir.
İkincisi, bu addımın vaxtı təsadüfi deyil. Noyabrda keçiriləcək ABŞ aralıq seçkiləri (midterm elections) ərəfəsində Hörmüz boğazının bağlanması ilə pik həddə çatan neft qiymətləri qlobal inflyasiyanı yenidən alovlandırmışdı. İranın neft ixracına müvəqqəti icazə verilməsi və dəniz blokadasının qaldırılması qlobal neft bazarına dərhal əlavə fiziki barellər (supply relief) gətirəcək və bu, Brent markalı neftin qiymətini aşağı salaraq ABŞ daxili bazarında benzin qiymətlərini ucuzlaşdıracaq. İnvestorlar üçün strateji nəticə: Qısamüddətli perspektivdə qlobal enerji daşıyıcılarının qiymətində korreksiya (baxmayaraq ki, OPEC uzunmüddətli tələbin artacağını proqnozlaşdırır) və ABŞ-ın aqrar sənaye (agribusiness) səhmlərində İranın milyardlarla dollarlıq sifarişləri hesabına ciddi canlanma gözlənilir.
MONETAR.AZ