Dollar FED-in qərarından sonra möhkəmlənib

Dollar FED-in qərarından sonra

ABŞ dollarının indeksi FED-in son faiz qərarından sonra yüksələrək mart ayından bəri ən yüksək səviyyəyə çatıb.

Dollar indeksi ticarət zamanı 100,3 bəndi ötüb. Bazar iştirakçıları ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyun iclasının nəticələrini və yeni sədr Kevin Varşın rəhbərliyi ilə keçirilən ilk iclasdan verilən siqnalları qiymətləndiriblər.

FED əsas faiz dərəcəsini dəyişməz saxlasa da, qurumun yenilənmiş proqnozları bazarlar tərəfindən gözləniləndən daha sərt mövqe kimi qəbul edilib. Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvlərinin təxminən yarısı bu il ərzində ən azı bir faiz artımının mümkün olduğunu bildirib.

Eyni zamanda, FED inflyasiya proqnozlarını əhəmiyyətli dərəcədə artırıb. Qurumun hesablamalarına görə, 2026-cı ildə şəxsi istehlak xərcləri (PCE) üzrə inflyasiya 3,6 faiz təşkil edəcək. Mart ayında bu göstərici 2,7 faiz səviyyəsində proqnozlaşdırılmışdı. Baza inflyasiyası üzrə gözlənti də 2,7 faizdən 3,3 faizə yüksəldilib.

Bu fonda investorlar ilin sonunadək FED tərəfindən 0,25 faiz bəndi həcmində faiz artımını tam qiymətlərə daxil ediblər.

FED sədri Kevin Varş mərkəzi bankın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə kommunikasiya, balans siyasəti və digər istiqamətləri əhatə edən beş işçi qrupunun yaradılacağını da açıqlayıb.

Dollar əsas valyutalar qarşısında möhkəmlənib. ABŞ valyutası ən böyük artımı Britaniya funtu və avroya qarşı qeydə alıb.

MONETAR.AZ