Kevin Varşın ilk sınağı: FED faizləri sabit saxladı

Kevin Varşın ilk sınağı:

ABŞ Federal Ehtiyat Sistemi (Fed) iyun ayı üzrə keçirilən iclasın yekununda əsas faiz dərəcəsini dəyişməyərək 3,50-3,75 faiz intervalında saxlayıb.

Qərar Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında qəbul olunub. Bu, FED -in yeni sədri Kevin Varşın rəhbərliyi ilə keçirilən ilk pul siyasəti iclası olub.

FED -in yaydığı bəyanatda qurumun qiymət sabitliyinin təmin edilməsinə sadiq qaldığı vurğulanıb. Bununla yanaşı, əvvəlki qərar mətnlərində yer alan “əlavə faiz düzəlişləri” ifadəsi çıxarılıb.

FED üzvlərinin yenilənmiş proqnozlarına əsasən, 2026-cı ildə ABŞ iqtisadiyyatının artım tempinin 2,4 faizdən 2,2 faizə enəcəyi gözlənilir. Eyni zamanda, ilin sonu üzrə baza inflyasiya proqnozu 2,7 faizdən 3,6 faizə yüksəldilib. İşsizlik səviyyəsi ilə bağlı gözlənti isə 4,4 faizdən 4,3 faizə endirilib.

Məlumata görə, Federal Açıq Bazar Komitəsinin 18 üzvündən 9-u 2026-cı il ərzində faiz artımının mümkün olduğunu düşünür.

İclasdan sonra çıxış edən Fed sədri Kevin Varş bildirib ki, qurumun əsas məqsədi qiymət sabitliyinin təmin edilməsidir. Onun sözlərinə görə, inflyasiya hələ də FED -in 2 faizlik hədəfindən yüksəkdir və qiymət təzyiqlərinin azaldılması üçün zəruri addımlar atılacaq.

K.Varş həmçinin FED -in fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə kommunikasiya, balans, statistik məlumatların istifadəsi, məhsuldarlıq və məşğulluq dinamikası, eləcə də inflyasiya çərçivəsi üzrə xüsusi işçi qruplarının yaradılacağını açıqlayıb.

FED rəhbəri qeyd edib ki, gələcəkdə pul siyasəti qərarları qəbul edilərkən daha çevik və məlumatlara əsaslanan yanaşmaya üstünlük veriləcək.

MONETAR.AZ