Blokada bitdi, İranın neft ixracı kəskin artdı

Blokada bitdi, İranın neft ixracı

Qlobal enerji xəritəsində son ayların ən gərgin hərbi-dəniz qarşıdurması diplomatik razılaşma ilə əvəzlənib və bu, neft bazarlarına böyük həcmdə xammal axınına səbəb olub. Bloomberg agentliyinin yaydığı gəmiçilik statistikasına görə, ABŞ-ın İran limanlarına tətbiq etdiyi çoxaylıq hərbi-dəniz blokadasının qaldırılmasından dərhal sonra, cümə günü Oman körfəzindəki Çabahar limanından ümumi tutumu 14 milyon barel olan 7 supertanker (VLCC) eyni anda yola düşüb.

Bu kəskin artım, Vaşinqton və Tehran arasında bu həftə imzalanmış "qarşılıqlı blokadanın dayandırılması memorandumu"nun dərhal qüvvəyə mindiyini göstərir. Neft tədarükündə tarixin ən böyük fasilələrindən birinə son qoyan bu addım, onsuz da aprel ayındakı pik nöqtəsindən 37% aşağı düşmüş qlobal neft qiymətlərinə (Brent və WTI) əlavə eniş təzyiqi yaradır.

İran rəsmiləri hasilatın münaqişə dövründə dondurulmadığını, quyuların işlək qaldığını bəyan ediblər. Razılaşma ərəfəsində dənizdə gözləyən İran tankerləri sürətli yükləmə üçün öncədən mövqelərini dəyişərək limanlara yaxınlaşıblar.

Cəmi iki gün ərzində limandan cəmi 4 gəmi çıxdığı halda, blokadanın rəsmən bitməsi ilə bir gündə 7 supertanker Çabahardan açıq dənizə doğru hərəkət edib. Tam yüklənmiş "Tenzan" supertankeri də gecə saatlarında Hörmüz boğazını uğurla keçib.

Son 24 saatda ən azı daha 4 boş supertanker yeni neft partiyalarını yükləmək üçün Fars körfəzinə daxil olub. Bu, İranın yaxın günlərdə ixrac həcmlərini daha da artıracağına birbaşa işarədir.

Bazar hazırda iki ziddiyyətli dalğanı qiymətləndirir: bir tərəfdən İranın daxili anbarlarında yığılıb qalmış milyonlarla barel neftin (floating storage) qlobal dövriyyəyə daxil olması təklifi artıraraq qiymətləri ucuzlaşdırır. Digər tərəfdən isə Livanın cənubundakı hərbi toqquşmalar "geosiyasi risk mükafatı"nı (risk premium) masada saxlayır. Yaxın günlərdə bazarda kəskin qiymət volatilliyi qaçılmazdır.

MONETAR.AZ