Dünən keçirilən iclasda İsveç Mərkəzi Bankı (Riksbank) qlobal makroiqtisadi qeyri-müəyyənliklər fonunda gözlənilən addımı atıb. Mərkəzi Bank əsas uçot dərəcəsini dəyişmədən 1,75% səviyyəsində saxlayıb.
Bazar iştirakçıları və maliyyə analitiklərinin proqnozları ilə tam üst-üstə düşən bu qərarla yanaşı, tənzimləyici qurum mart ayı hesabatı ilə müqayisədə inflyasiya, ÜDM artımı və işsizlik üzrə gözləntilərinə ciddi korreksiyalar edib.
Riksbank 2026-cı il üzrə inflyasiya proqnozunu əvvəlki 1,5 faizdən 1,1 faizə endirib. 2027-ci il üçün inflyasiya gözləntisi isə 1,3 faizdən 1,7 faizə yüksəldilib. 2028-ci il üzrə proqnoz da cüzi artaraq 2,7 faizdən 2,8 faizə çatdırılıb. İnflyasiya göstəriciləri sabit faiz dərəcəsi əsasında hesablanan istehlak qiymətləri indeksinə əsaslanır.
Mərkəzi bank iqtisadi artım proqnozlarını da aşağı salıb. Belə ki, 2026-cı ildə ÜDM artımının 2,5 faiz deyil, 2,2 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci il üzrə proqnoz isə 2,6 faizdən 2,3 faizə endirilib. Bununla yanaşı, 2028-ci il üçün iqtisadi artım gözləntisi 1,3 faizdən 1,4 faizə yüksəldilib.
İşsizlik səviyyəsi ilə bağlı proqnozlar bütün dövrlər üzrə artırılıb. Riksbank indi 2026-cı ildə işsizliyin 8,4 faiz deyil, 8,6 faiz olacağını gözləyir. 2027-ci il üzrə proqnoz 8,0 faizdən 8,2 faizə, 2028-ci il üzrə isə 7,6 faizdən 7,8 faizə qaldırılıb.
Riksbank-ın riyazi modelləri və gələcək rüblər üçün faiz dərəcəsi proqnozu (interest rate path) göstərir ki, pul-kredit siyasətində yumşalma dövrü artıq arxada qalıb və tənzimləyici rüblük əsasda faizləri yuxarı çəkməyə hazırlaşır:
-
2026-cı ilin III rübü: Orta hesabla 1,76%
-
2026-cı ilin IV rübü: Orta hesabla 1,82% (bu, ilin sonuna doğru minimum 25 bəndlik artım ehtimalını 50% səviyyəsində saxlayır)
-
2027-ci ilin II rübü: 1,93% səviyyəsinə yüksəliş
-
2028-ci ilin II rübü: 2,07% hədəfi
MONETAR.AZ