Avropanın ən güclü iqtisadi mərkəzləri

Avropanın ən güclü

Avropanın ən böyük iqtisadi mərkəzləri açıqlanıb. Reytinq regionların ümumi daxili məhsul (ÜDM) göstəriciləri əsasında hazırlanıb.

Məlumata görə, Avropanın ən güclü iqtisadi mərkəzi Fransanın paytaxt regionu İl-de-Fransdır. Paris şəhərini əhatə edən bu regionun ÜDM-i 866 milyard avro təşkil edir.

İkinci yerdə Böyük London qərarlaşıb. Böyük Britaniyanın paytaxt ətrafı iqtisadi regionunun ÜDM-i 713 milyard avroya bərabərdir. London maliyyə, sığorta, media və beynəlxalq biznes xidmətləri sahələrində qlobal mərkəzlərdən biri hesab olunur.

Siyahıda üçüncü yeri İtaliyanın Lombardiya regionu tutur. Milan şəhərinin yerləşdiyi bu regionun iqtisadi həcmi 505 milyard avro təşkil edir. Almaniyanın Yuxarı Bavariya regionu isə 359 milyard avro ÜDM ilə dördüncü sıradadır.

Reytinqdə İrlandiyanın Dublin şəhərinin yerləşdiyi Şərqi və Orta regionu 336 milyard avro göstərici ilə beşinci pillədə qərarlaşıb. Madrid regionu 316 milyard avro, Kataloniya isə 302 milyard avro ilə növbəti yerləri bölüşür.

Araşdırmaya əsasən, Avropanın aparıcı iqtisadi mərkəzlərinin böyük hissəsi “Mavi banan” adlanan iqtisadi zolaqda yerləşir. Bu ərazi Böyük Britaniyanın cənubundan başlayaraq Benilüks ölkələri, Almaniyanın qərbi və Şimali İtaliyaya qədər uzanır.

Mütəxəssislər bildirirlər ki, həmin regionlar uzun illərdir sənaye, ticarət, maliyyə və texnologiya sahələrində Avropanın əsas iqtisadi dayaqları hesab olunur.

Almaniya Avropanın ilk 20 iqtisadi mərkəzi arasında beş regionla ən çox təmsil olunan ölkədir. Ölkənin Münhen, Ştutqart, Düsseldorf, Frankfurt və Köln kimi şəhərləri qitənin aparıcı biznes və sənaye mərkəzləri sırasında yer alır.

MONETAR.AZ